Bu gün Milli Məclisdə TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib. SİA-nın məlumatına görə, çıxış edən komissiyanın sədr müavini, millət vəkili Sevinc Hüseynova bildirib ki, iclasın gündəliyində duran əsas məsələ TÜRKPA-ya üzv dövlətlər arasında məlumat axının gücləndirilməsinin müzakirəsidir.
Onun sözlərinə görə, bu gün quruma üzv olan ölkələr arasında informasiya mübadiləsinin təmin olunmasına ciddi ehtiyac yaranıb.
TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü, millət vəkili Nizami Cəfərov bildirib ki, bu gün Türk dünyası ölkələri arasındakı əlaqələr getdikcə güclənir: "Etiraf etmək lazımdır ki, bu gün bütün Türk dünyasını əhatə edən media formlaşmayıb. Hesab edirəm ki, bu səbəbdən də TÜRKPA-ya üzv ölkələr arasında informasiya məkanın genişləndirilməsinə ehtiyac var. Üzv ölkələrin ortaq televiziya kanalının olması vacibdir. Bu kanal yaradılarsa, bütün Türkdilli ölkələr bir-birlərinin həyatında baş verən hadisələrdən məlumatlı olacaqlar. Eyni zamanda xalqlarımız arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə də zəmin yaradacaq".
Özbəkistan və Türkmənistanın TÜRKPA-ya üzv olmamasından təəssüfləndiyini qeyd edən N.Cəfərov deyib ki, adı çəkilən ölkələrin də qurumun iştirakında fəal iştirakı vacibdir.
Daha sonra TÜRKPA-ya üzv dövlətlər arasında məlumat axının gücləndirilməsinə dair hesabat məruzəsi müzakirə olunaraq gələn il Qazaxstanda keçiriləcək plenar sessiyaya tövsiyyə olunub.
Çıxış edən Türk Şurasının layihə direktoru Zamin Əliyev deyib ki, yaxın zamanlarda ortaq Türk telekanalı yaradılacaq: "Bu ilin iyun ayında türkdilli ölkə başçılarının Bodrumda keçirilən zirvə görüşündə ortaq Türk Telekanalının yaradılması ilə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif irəli sürülüb. Bundan sonra koordinasiya qrupu yaradılıb və bu il oktyabr ayının sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub. Kanalın strukturunun İdarə Heyəti, Direktorlar Şurası və redaksiya heyətindən ibarət olacaq. Telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Telekanal "Al Jazira", "Euronews" kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq".
Z.Əliyev qeyd edib ki, kanalın maliyyə işini isə üzv dövlətlər həll edəcək: "Eyni zamanda quruma üzv ölkələrin birində kanalın ofisi də yerləşəcək. Artıq saziş layihəsi hazırlanır. Kanalın adı hələlik bəlli deyil. Ad və logonun müəyyən edilməsi isə müsabiqə yolu ilə qəbul ediləcək. Bununla yanaşı, kanal geniş kütləyə xidmət edəcək. Həmçinin kanal veb-sayt üzərindən də yayımlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB