Rusiya-Azərbaycan əməkdaşlığı Kaluqa vilayətinin timsalında

Rusiya-Azərbaycan əməkdaşlığı Kaluqa vilayətinin timsalında

Kaluqa şəhərində "Yedinaya Rossiya" Partiyasının sədri Dmitri Medvedevin ictimai qəbul salonunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Kaluqa regional şöbəsi (RAGB KRŞ) və "Yedinaya Rossiya" Partiyasının Tərəfdarları Şurasının Kaluqa regional şöbəsi tərəfindən "Rusiya-Azərbaycan əməkdaşlığı Kaluqa vilayətinin timsalında" mövzusunda "dəyirmi masa" keçirilib.

RAGB KRŞ-dən azərtac-a bildiriblər ki, tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev və RAGB-nin nümayəndəsi Emin Hüseynov iştirak ediblər.

"Dəyirmi masa"nın moderatoru, RAGB KRŞ-nin sədri Ramin Rəcəbov qeyd edib ki, Kaluqa vilayəti Rusiya Federasiyasının özünəməxsus xüsusiyyətləri olan bir çox xalqların nümayəndələrinin yaşadıqları subyektlərindən biridir. O deyib ki, rus xalqının birləşdirici rolu sayəsində Rusiya ərazisində, o cümlədən Kaluqa vilayətində xalqlar birliyi yaranıb. R.Rəcəbov regionda diasporun fəaliyyətindən, RAGB KRŞ-nin təşkil etdiyi, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yönəldilmiş tədbirlərdən ətraflı danışıb, RAGB-nin Moskvada keçirilmiş axırıncı forumunda RAGB-nin sədri Leyla Əliyevanın Kaluqa vilayətində RAGB-nin geniş fəaliyyətini xüsusi vurğuladığını, Kaluqa Şəhər İdarəsinin və "Yedinaya Rossiya" Partiyasının Tərəfdarları Şurasının Kaluqa regional şöbəsinin nümayəndələrinə təşəkkür məktubları təqdim etməsini xatırladıb.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev öz çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu xüsusi qeyd edib, habelə konqresin regional şöbələrinin səmərəli işindən misallar gətirib, Azərbaycan ilə əlaqələrdən söhbət açıb. O deyib: "Kaluqa-Bakı aviareysinin açılması regionun iqtisadi inkişafına, Kaluqa vilayətinin və Azərbaycanın ikitərəfli münasibətlərinin möhkəmlənməsinə təkan vuracaqdır. Belə ki, Həştərxan-Bakı, Volqoqrad-Bakı reysləri və başqa reyslər açılıb. Kaluqa-Bakı reysinin açılması isə tarixi vətənlərindən uzaqda yaşayan azərbaycanlıların öz doğma yurdlarına tez-tez getməsinə və onunla əlaqəni kəsməməsinə imkan verəcəkdir.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan şirkətləri Rusiyada fəal işləyirlər. Son 10 ildə onlar Rusiyaya təqribən 1 milyard dollar sərmayə qoyublar. Bu dövrdə Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 628 milyon dollar vəsait yönəldiblər. Öz növbəsində Kaluqa vilayətinin müəssisələri Azərbaycana avtomatik tənzimləmə və idarəetmə avadanlığı, avtomobillər üçün elektrik avadanlığı, nəzarət-kassa aparatları, profil boruları, un və qənnadı məmulatları göndərir.

Sonda qonaqlar gələcəkdə həyata keçiriləcək layihələri mübadilə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə