Hər kəs "Elektron imza"ya sahib olacaq

Hər kəs "Elektron imza"ya sahib olacaq

2015-ci il ərzində Azərbaycanın bütün əhalisi "Elektron imza"nın sahibi olacaq. SİA-nın məlumatına görə, bu barədə bu gün "Bakutel-2014" XX yubiley sərgisi ərəfəsində keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, elektron imza yeni nəsil şəxsiyyət vəsiqələri ilə birləşdiriləcək. Nazir müavini bundan başqa bildirib ki, Azərbaycanda elektron rəqəmli imza sahiblərinin sayı il ərzində təxminən 10 dəfə artıb: "Hazırda e-imza sahiblərinin ümumi sayı təxminən 90 minə çatır. Bundan əlavə, nazirlik əhalinin aztəminatlı təbəqələrinə ERİ-nin pulsuz verilməsinin mümkünlüyü məsələsini nəzərdən keçirir".

Xatırladaq ki, "elektron imza" sahibinin internet vasitəsilə mübadilə etdiyi sənədin məzmunu və müəllifliyindən əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Elektron imzanın qiyməti vətəndaşlar üçün 18 manat, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər üçün müvafiq olaraq 36 və 72 manat, dövlət müəssisələrinin işçiləri üçün isə 80 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə