ADU-da Ümumdünya QİÇS-lə mübarizə günü ilə bağlı tədbir keçirilib FOTO

ADU-da Ümumdünya QİÇS-lə mübarizə günü ilə bağlı tədbir keçirilib FOTO

Bu gün Azərbaycan Dillər Universitetində "Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir" layihəsi çərçivəsində universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günüdür" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirin təşkilində Pedaqoji fakültənin 301 A qrup tələbəsi Lətifə Quliyeva yaxından iştirak edib.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, kafedranın baş müəllimləri, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov, Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova, o cümlədən Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri iştirak ediblər.

Öncə QİÇS-in yaranma tarixi haqqında məlumat verilib. Çıxış edən Sədaqət Musayeva QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirib. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edən S. Musayeva universitetdə də bu istiqamətdə ənənəvi tədbirlərin keçirildiyini vurğuladı və bunun ali təhsil ocağının tələbələrinin sağlamlığına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu deyib.

Tədbirdə ssenarisi Sədaqət Musayevaya məxsus olan "İtirilmiş həyatlar" əsərindən səhnəcik göstərilib. Səhnəcikdə QİÇS-ə yoluxmuş iki gəncin ibrətamiz həyat hekayəsindən bəhs olunurdu. Daha sonra tələbələr arasında mövzuya aid keçirilmiş sorğudan videoreportaj nümayiş olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov dünyada 1 dekabr tarixinin "Ümumdünya QİÇS-lə mübarizə günü" kimi qeyd olunduğunu bildirib. Respublikada bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini söyləyən T. Məhərrəmov Azərbaycanda İİV infeksiyası üzrə əsas epidemioloji göstəricilər, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının yoluxma yolları üzrə tərkibi, Azərbaycanda İİV infeksiyası epidemiyasının tendensiyaları, UNAİDS-in İİV/QİÇS-lə bağlı "Sıfıra çatdırmaq" siyasəti, Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işi məsələləri haqqında geniş məlumat verib.

Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. O, ADU-da keçirilən tədbirlərdə daimi qonaq olduğunu və hər zaman yeni təəssüratlarla ayrıldığını bildirib. M. Qafarova hazırki dövrün gündəmində olan bu aktual problem haqqında bu cür maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb. Psixoloq bu xəstəliyə yoluxmuş insanlardan uzaq durmaq yox, onlara mənəvi və psixoloji dəstək olmağın düzgün addım olduğunu tələbələrin diqqətinə çatdırıb.

QİÇS-lə mübarizənin simvolu olan qırmızı və qara rəngli geyimlərdə rəqsi (flaşmob) nümayiş etdirən tələbələr "Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə "Yox" deyirik", digər yazılı plakatlarla tədbiri yekunlaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə