Azərbaycan Litvada təmsil olundu FOTOLAR

Azərbaycan Litvada təmsil olundu FOTOLAR

Azərbaycanın Litvadakı səfirliyi bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Vilnüs şəhər Ratuşasında keçirilmiş 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, ənənəvi yarmarkanın məqsədi litvalıların Vilnüsdə akkreditə olunmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanışlığına şərait yaradılması ilə yanaşı, iştirakçılar tərəfindən satışa çıxarılan milli məhsullardan əldə olunan vəsaitin ölkənin uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına verilməsidir.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, lavaş, narşərab, şirniyyatlarımızdan paxlava və şəkərbura, həmçinin müxtəlif içkilər, meyvə şirələri, mineral sular nümayiş etdirilib.

Xeyriyyə yarmarkasının açılışında Litvanın sabiq Prezidenti Valdas Adamkus da iştirak edib. Açılış mərasimindən sonra Azərbaycana aid stendə yaxınlaşan Litva rəsmilərinə səfir Həsən Məmmədzadə nümayiş olunan məhsullar barədə məlumat verib.

Qırxdan artıq diplomatik nümayəndəlik və xarici təşkilatın təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən biri olub.


Bütün xəbərlər Facebook səhifəmizdə