Beynəlxalq Telekommunikasiya İttifaqı sərgidə təmsil olunacaq

Beynəlxalq Telekommunikasiya İttifaqı sərgidə təmsil olunacaq

Bu gün 20-ci yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dekabrın 2-5 tarixlərində reallaşacaq sərgidə bir neçə ilklərin olacağını bildirib: "Bu sərgi ölkəmizdə yüksək texnologiyaların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Əsas məqsəd də bu sahənin daha da inkişaf etdirilməsidir. Bi il ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqı öz stendi ilə iştirak edəcək. 150 illik yubileyini qeyd etməyə hazırlaşan ittifaq bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim edəcək".

Azərbaycanın bu sahədə yüksək dövlət siyasəti, dövlət dəstəyi və kadr-texnika potensialı olduğunu deyən nazir müavini sərgi çərçivəsində təşkil olunacaq konfranslarda yeni perspektivlərin yaranacağını da qeyd edib: "Sərgidə iki böyük konfrans keçiriləcək. "İnformatika təhsili-günümüzün çağırışları" və "eGov 3.0 İnkişaf təmayülləri və yeni imkanlar" mövzularında olacaq beynəlxalq konfranslarda nüfuzlu ekspertlər, beynəlxalq və yerli dövlət nümayəndələri iştirak edəcək".

Layihə rəhbəri Rəna Abutalıbova sərgi haqqında geniş məlumat verərək, builki sərgiyə 30-dan çox debutantın qatılacağını deyib.

Sərginin sponsoru olan "İntel" şirkətinin vitse-prezidenti Con Devis şirkətlərinin çip istehsalı ilə məşğul olmasına baxmayaraq, təhsil proqramlarına da dəstək verdiklərini vurğulayıb: "Azyaşlı uşaqların kompüterlərdən təhlükəsiz istifadəsi üçün yeni texnoloji məhsullar hazırlanıb. Həmçinin, bu mövzuda daha geniş məlumat əldə etmək, uşaqların texnologiyalardan istifadəsinə diqqəti artırmaq məqsədilə 30 mindən çox müəllim "İntel" şirkətinin təşkil etdiyi seminarlarda iştirak edib. Bu sərginin də əsas məqsədi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi aparmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə