Səbail rayonunda "Yaşıl marafon" uğurla davam edir

Səbail rayonunda "Yaşıl marafon" uğurla davam edir

Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürən "Ümumrespublika yaşıllaşdırma marafonu" çərçivəsində keçirilən aksiyalar zamanı on minlərlə ağac əkilib. SİA-nın xəbərinə görə, bu nəcib təşəbbüsə ilk qoşulanlardan biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu olub.

Ölkəmizin və eləcə də onun paytaxtının daha da abadlaşdırılması və çiçəklənməsinə yardımçı olan bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Məqsədi ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan novbəti iməclik rayonun Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilib. Həmin gün iməclikdə rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin kollektivləri, ümumilikdə 500 nəfər qoşulub.

Havanın əlverişsiz olmasına baxmayaraq səhər tezdən start götürən ağacəkmə kompaniyasında çox böyük fəallıq nəzərə çarpırdı. Abadlaşdırılan ərazidə əvvəlcədən təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilib. Burada yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.

Gün ərzində keçirilən ağacəkmə aksiyası zamanı 1000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, əvvəl əkilən 3000 ədəd ağaca qulluq göstərilib.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Asif Əsgərov ağacəkmə aksiyasında fəallıq göstərən gənclərə İDEA İctimai Birliyinin "Yaşıl marafon" layihəsi, onun məqsəd və məramı barədə məlumat verib, qeyd edib ki, ölkənin ekoloci mühitinin, son nəticədə isə insanların sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsün dəstəkləməsi və onun reallaşmasında iştirak etmək hər birimizin borcudur.

Qeyd etmək lazımdır ki, bu aksiya çərçivəsində Səbail rayonunda noyabr ayının əvvəlində keçirilən iməcliklərdə 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, yeni hazırlanan sahəyə 3500 kvadrat metr qazon otu döşənib, əvvəl əkilən 2000 ədəd ağaclara qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə