Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri, həmin qrupun üzvü Səbuhi Abbasov 27-28 noyabr 2014-cü il tarixində Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində keçirilən Cənub-Şərqi Avropa ölkələrinin İşgəncələrin qarşısının alınması üzrə Birinci Forumunda və İşgəncə, qeyri-insani və pis rəftar hallarının aradan qaldırılması və cəzasızlıqla mübarizə üzrə Konfransda iştirak ediblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, V.Məhərrəmov və S.Abbasov hər iki tədbirdə Azərbaycan MPM-nin yaranma tarixi, bu sahəni tənzimləyən qanunvericilik aktları, Ombudsmanının MPM qismində fəaliyyəti, monitorinqlərin keçirilməsi, hesabatların hazırlanması və bu sahədə görülmüş işlər barədə çıxış edərək, iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirlərdə işgəncənin və qeyri-insani rəftar hallarının qarşısının alınması sahəsində preventiv tədbirlərin görülməsi, beynəlxalq standartlar, minimal davranış qaydaları, dövlətlə dialoqun aparılması, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəxəssislərin iştirakı və digər məsələlər müzakirə edilib, daha sonra qruplarda müxtəlif sahələr üzrə diskussiyalar aparılıb.
Qeyd edilməlidir ki, adı çəkilən tədbirlərdə BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) üzvləri, Avropa Şurasının Miqrasiya və İnsan Hüquqları Departamentinin, Avropa İşgəncələrə Qarşı Komitəsinin, Avropanın 10-dək Milli preventiv mexanizmlərinin nümayəndələri, yerli məhkəmələrin hakimləri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB