Heydər Əsədov Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Heydər Əsədov Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə və tapşırıqlarına müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 28-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirak etdiyi qəbul zamanı 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən yeni texnikaların və toxum növlərinin bölgəyə gətirilməsi, çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı uzunmüddətli kreditlərin verilməsi, payı bəlli torpaqlarla bağlı mübahisələrin həllinə kömək göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması, regionda arıçılığın inkişafına dəstək, bəzi təsərrüfatlarda yol problemlərinin həlli, kənd təsərrüfatında sığortanın tətbiqi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı "Yaşıl çay" fermer təsərrüfatı MMC-nin direktoru Araz Yağubov bir sıra diqqətəçəkən təkliflərlə çıxış edib. O, təsərrüfatın nəzdində mini çay fabrikinin qurulması, rayonda müasir tələblərə cavab verən müasir heyvandarlıq laboratoriyasının yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Hər iki təklif nazir Heydər Əsədov tərəfindən müsbət qarşılanıb. Nazir hər iki təklifin nəzərə alınacağını bildirib. Əlavə edib ki, artıq heyvandarlıq laboratoriyasının yaradılması istiqamətində işlərə start verilib. Belə ki, bu məqsədlə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Lənkəranda olub, yeni laboratoriyanın yerini müəyyənləşdiriblər. Bütün regiona xidmət edəcək laboratoriya xarici ölkələrdən gətirilmiş ən müasir avadanlıqlarla təmin olunacaq.

Nazir Heydər Əsədov bütün vətəndaşları diqqətlə dinləyərək müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli məqsədilə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırmaq məqsədilə qeydiyyata alınıb və nəzarətə götürülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə