“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilib

“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən iclasında "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Məşğulluq haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihələrinə dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişikliklərlə bağlı danışan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək və bu vəsaitin istifadə qaydası müvafiq orqan tərəfindən müəyyənləşdiriləcək.

"Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə görə isə işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25 faizi qeyd edilən məsələlərə sərf ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə