Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın "Qadınlar və kişilər" adlı yeni kitabı çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, nəfis tərtibatı, maraqlı illüstrasiyaları ilə göz oxşayan kitabda müəllifin nəsr əsərləri toplanıb. İnternetdə oxucuların böyük maraqla qarşıladıqları "Sıfır nöqtəsində", "Ehtiraslar labirintdə", "Karusel", "Tale oyunu" və s. hekayələri ilə yanaşı müəllif bu kitaba "Üçbucaqda gedişlər" adlı povestini də daxil edib.
Əsərlərin hamısında XXI əsrin reallıqları zəminində İNSANın yaşantıları, psixoloji təlatümləri ön plana çəkilir. Mənzərə Sadıqova hisslərin zəngin çalarlı palitrasına elə rənglər vurur ki, oxucu sanki baş verənləri oxumur, gözü ilə görür. Yazıçı ustalıqla xarakterlərin psixoloji dərinliyinə varır, sürətlə dəyişən dünyamızda yeni çalarlar kəsb edən milli-mənəvi, əxlaqi dəyər-lərimizə güzgü tutur.
"Qadınlar və kişilər"in qəhrəmanları cəmiyyətdə mövqeyi, hörməti olan insanlardır. Lakin Qərbə inteqrasiya dövrü, mühitdə baş verən təbəddülatlar heç birinin həyatından təsirsiz ötüşmür. Oxucunu alıb aparan əhvalatlarda ailə-qadın-kişi münasibətlərinə yeni rakursdan dərin bir nəzər salınır.
Kitabdakı povestdən bir parçanı təqdim edirik:
"İnsanın elə hissləri var ki, onu özünə də etiraf edə bilmir. İndi Sevda içindəki "mən"i qarşısında çılpaq qalmışdı. Burada gerçəklikləri gizlətmək imkansızdı. Maskalanmaq olmurdu. İçinə çöldən boylanan Sevdaya belə fürsət verilmirdi. İyirmi yaşındaykən ərini itirməyin psixologiyasında açdığı sağalmaz yaranı görürdü. Yaşarı nə qədər sevsə də, dul qismətilə barışa bilmədiyini anlayırdı. "İçindəki Sevda" Fatehlə əlaqəsində özünü haqlı sayırdı. Sevib-sevilmək istədiyini uca səslə bağırırdı. Elə bağırırdı ki, Sevda özü o bağırtını eşitməməkçün qulaqlarını tıxamağa məcbur qalırdı. Ana olan Sevda, bacı olan Sevda isə "çöldə" dayanıb "içəridəki qadını" hey məzəmmət edirdi. Amma nə fayda?! "İçindəki Sevda"nın nəzərində qadın səadətinə haqqının olması aksiom idi. Kimsə bu haqqı ondan alammazdı! Məsələni mübahisə mövzusu edib teoremə çevirəmməzdi!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB