KİVDF Xaçmazda regional konfrans keçirib FOTOLAR

KİVDF Xaçmazda regional konfrans keçirib FOTOLAR

Bu gün Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun şərhi sahəsində Region KİV-lərinin marifləndirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin muzeyin foyesində qoyulmuş abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir Muzeyin akt zalında davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Şimal rayonlarında fəaliyyət göstərən media nümayəndələri, rayon ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev regionlarda KİV və dövlət qurumları arasında münasibətlərdən danışıb və əlavə edib ki, bəzi media nümayəndələri həqiqətə uyğun olmayan məlumatlar yayır, bu da münasibətlərin istənilən formada qurulmasına əngəllər torədir. Bu isə eyni zamanda mediaya olan etimadı azaldır.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional konfransın məqsədinin informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirməni həyata keçirməkdən, informasiya almaq hüququnun səmərəliliyini təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu vurğulayan V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılıb.

Daha sonra Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə qanuna edilmiş əlavə və dəyişikliklər ətrafında geniş məruzə ilə çıxış ediblər. Çıxışlarda qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklər şərh edilib, habelə bu sahədə mövcud olan problemlər diqqətə çatdırılıb.

"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İradə Heyətinin üzvi və "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə ölkə jurnalistikasının adına ləkə gətirən KİV-lərlə mübarizə tədbirlərindən söz açıb. O, belə neqativ hallara qarşı mübarizədə müvafiq dövlət qurumlarının və ümumən cəmiyyətin fəallıq göstərməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Trend" İA baş redaktoru İlqar Hüseynov, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar.

"Xaçmaz" qəzetinin baş redaktoru Zinyət Yaqubqızı, Siyəzəndə nəşr edilən "Çıraq" qəzetinin baş redaktoru İlyas İlyasov, Qubada nəşr edilən "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov, "Qusar" qəzetinin baş redaktoru Vidadi Sevzixanov, "Şabran" qəzetinin baş redaktoru Çingiz Məmmədov, "RTR" TV-nin icraçı direktoru Məhsim Məhsimov mövzu ətrafında fikirlərini bölüşüblər.

Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Аğayev, "Azərmətbuatyayım" ASC-nin Xaçmaz rayon şöbəsinin sədri Abasyar Heydərov mətbuat-ictimaiyyət münasibətlərinin tənzimlənməsi, reket jurnalistikaya qarşı səmərəli mübarizənin təşkili baxımından belə tədbirlərin əhəmiyyətini önə çəkiblər.

Konfransda çıxış edən KİV təmsilçiləri mövzu ilə bağlı təkliflərini səsləndirib, onları narahat edən məsələlər barədə ekspertlərə suallar ünvanlayıblar.

Tədbir iştirakçılarına fondun maliyyə dəstəyi ilə çap edilən "İnformasiya əldə etmək haqqında" qanunvericilik kitabçası paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə