YAP-ın Humanitar məsələlər komissiyası elmi konfrans keçirib FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyası "İrəvan və İrəvan xanlığının Azərbaycan tarixində yeri və rolu" mövzusunda elmi konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, konfransda komissiya üzvləri ilə yanaşı, Milli Məclisin deputatları, tarixçi-alimlər, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının rəhbərləri və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov bildirib ki, bu mövzunun seçilməsində məqsəd İrəvanın tarixini və mədəniyyətini yaddaşlarda təzələmək, həmçinin, öz doğma torpaqlarımıza varislik hüququmuzu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
İrəvanın tarixi haqqında fikirlərini bildirən komissiya sədri deyib ki, tarixən bu ərazidə ermənilər yaşamayıb. Onun sözlərinə görə, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra İrandan 40 min, Osmanlı dövlətindən isə 60 min erməni bu torpaqlara köçürülüb: "1918-ci ildə Batum konfransının yekunu olaraq İrəvan şəhəri və ətraf torpaqların hesabına Ermənistan dövləti yaradıldı. Bu dövləti yaratmaqla ermənilər bir sıra öhdəliklər götürsələr də, sonradan bu öhdəlikləri birtərəfli surətdə pozdular. Bu səbəbdən də Batum müqaviləsi öz qüvvəsini itirib və bizim tarixi torpaqlarımızda yaradılan Ermənistan dövlətinin hüquqi əsası yoxdur. Həmin ərazilər xalqımıza məxsusdur və biz öz dədə-baba torpaqlarımıza qayıtmalıyıq".
Daha sonra komissiyanın üzvü, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov İrəvanın tarixi haqqında geniş məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar.
"Azər-İlmə" şirkətinin rəhbəri Vidadi Muradov isə konfransda "İrəvan Azərbaycanın xalçaçılıq mədəniyyətinin mərkəzi kimi" mövzusunda çıxış edib. V.Muradov bildirib ki, İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Onun sözlərinə görə, bu ərazinin tarixi abidələri yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik mənsubiyyətindən xəbər verir.
Konfransda həmçinin, tarixçi alimlər Nazim Mustafa "Vandalizm: İrəvan xanlığı ərazisindəki Azərbaycan xalqına məxsus tarixi adlara qarşı soyqırımı", Vasif Qafarov "1918-ci ildə Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin ərazisi və əhalisi", Cəbi Bəhramov "İtirilmiş torpaqlara Azərbaycan xalqının tarixi varislik hüququnun bərpa olunmasının hüquqi aspektləri" mövzularında çıxış ediblər. YAP Siyasi Şurasının üzvü Musa Musayev isə çıxışında indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyasının ağır nəticələri haqqında fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB