Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncağında təmsil olunub

Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncağında təmsil olunub

Noyabr ayının 23-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) illik yığıncaqları, o cümlədən BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinin tərkibinə baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları daxil ediliblər.

Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələrdə nümayəndə heyətimizin üzvləri tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər haqqında danışılıb, "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinə dair Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi A.Cəfərli tərəfindən təqdimat keçirilib.

İclasda icraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə qurumun üzvü K.Əliyev iştirak edib. Ümumi Yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif olunma mərasimi təşkil olunub və Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun məsul işçisi R.Haciyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib.

Tədbir çərçivəsində həmçinin Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb, Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub.

Konfrans zamanı BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın Baş prokurorları, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə