Azərbaycanın risk atlası hazırlanır

Azərbaycanın risk atlası hazırlanır

"Fövqəladə Hallar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Azərbaycanın risk atlasını hazırlayır". SİA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Qəbələ rayonunun fəlakət riskinin təhlilinə dair hesabatın təqdimat mərasimindəki çıxışı zamanı bildirib.

Nazir müavini bildirib ki, UNİCEF-in FHN-lə birgə hazırladığı Qəbələ rayonunun fəlakət riskinə dair hesabat bu proqramın tərkib hissələrindən biridir: "UNİCEF bu sahədə bizə dəstək verir. Bu işlər digər regionlarda da həyata keçiriləcək".

Qeyd edək ki, bu gün UNİCEF, FHN və Qəbələ rayon İcra Hakimiyyətinin birgə əməyi nəticəsində ərsəyə gələn "Qəbələ rayonun fəlakət riskinin təhlili" adlı hesabatın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze deyib ki, risklərin minumuma endirilməsi üçün əvvəlcə regionun fəlakət riskinin öyrənilməsi olduqca vacibdir.

A.Şilakadze bildirib ki, Yaponiyanın Senday şəhərində fəlakət risklərinin azaldılmasına dair beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans dünyada fəlakət risklərinin azaldılmasına dair görüləcək işlərə böyük töhfə verəcək. Hesab edirəm ki, Azərbaycanın da bu tədbirdə iştirak edərək burada qəbul olunacaq qərarlara görə öhdəlik götürməsi əhəmiyyətli olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə