Naxçıvanın sürətli inkişafının əsası ötən əsrin 70-80-ci illərində qoyulub

Naxçıvanın sürətli inkişafının əsası ötən əsrin 70-80-ci illərində qoyulub

Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başladığı 1969-cu ildən etibarən ölkəmizdə bütün sahələrdə sürətli inkişafın əsası qoyuldu. Həmin dövrdən etibarən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da həyatın bütün sahələrində canlanma baş verdi.

AzərTAc xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 8 nömrəli tam orta məktəbin şagirdləri üçün "Naxçıvan Muxtar Respublikasının 1970-1980-ci illərdə sosial iqtisadi inkişafı" mövzusunda keçilən açıq dərsdə məktəbin müəllimi Roza Qasımova mühazirəsinə bu sözlərlə başladı.

Bildirildi ki, 1970-ci ildən başlayaraq Naxçıvan inkişaf edən sənaye, kənd təsərrüfatı bölgəsinə çevrilib. Burada elektrotexnika, metal emalı, yüngül sənaye və tikinti sənayesi inkişaf edib. Kənd təsərrüfatı sahəsində üzümçülük, tütünçülük, bağçılıqla yanaşı, taxılçılıq və heyvandarlığın inkişafı sürətləndirilib. 1971-ci ildə ümumi sənaye potensialının həcmində 1924-cü ildəkinə nisbətən 150 dəfə artım müşahidə olunub. Naxçıvanda Araz Su Elektrik Stansiyası, mebel fabriki istifadəyə verilib. Muxtar respublikanın bir çox rayonlarında şərab, Ordubadda konserv, Badamlıda və Sirabda mineral sular zavodları fəaliyyətə başlayıb.

Açıq dərsdə qeyd edildi ki, həmin dövrdə yüngül sənaye sahəsində də bir sıra mühüm irəliləyişlər baş verib. Bunlara Ordubad İpək Kombinatı, Naxçıvan Tikiş Fabrikinin istifadəyə verilməsini misal göstərmək olar.

Vurğulandı ki, bu gün də Naxçıvan Muxtar Respublikası inkişafının yeni, çoxşaxəli mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə