“Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilib YENİLƏNİB (VİDEO)
Bu gün Bakıda "Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı "16 günlük fəallıq" kampaniyası çərçivəsində həyata keçirilir.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və ictimaiyyət nümayəndələri iştirak edib.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O cəmiyyətin ictimai həyatında qadınların rolundan və onlara qarşı törədilən zorakılıqlardan danışıb: "Qadına qarşı zorakılıq insan hüquq və azadlıqlarına ciddi maneələr yaradır. Ailə institutunun möhkəmlənməsi dövlətin inkişafı deməkdir. Buna görə də, keçirilən konfransda müzakirə olunan məsələlər nəticə olaraq əhalinin rifahının yaxşılaşması, ailədə milli mənəvi dəyərlərin qorunmasına gətirib çıxaracaq. Bu mənada fiziki şiddətdən əlavə mənəvi, iqtisadi zorakılığın da qarşısı alınmalıdır. Azərbaycan qanunvericiliyi beynəlxalq müqavilələrdən gələn öhdəlikləri öz üzərinə götürərək mübarizə aparır. Bu cür halların yaranma səbəblərini aydınlaşdırmaq üçün araşdırma şöbəsi yaradılıb. Amma bu məsələdə qadınlar özləri də fəaliyyətdə olmalıdırlar. Öz hüquqlarını bilməlidirlər. Onların arxasında güclü dövlət dəstəyi dayanır. Azərbaycan gender məsələləri üçün büdcə ayıran ölkələrdən biridir. Belə ölkələr çox azdır. Bu dəstəklə xanımlarımız öz hüquqlarına sahib çıxmağa, cəmiyyətdəki rollarını möhkəmləndirməyə çalışmalıdırlar".
Konfransda Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten çıxış edərək vurğulayıb ki, qadınlara şiddət göstərilməsi bütün cəmiyyətə qarşı zorakılıq deməkdir: "İndi dünyanın hər yerində, əsasən Afrika və yaxın şərqdə qadınlar, qızlar təcavüzə, cinsi zorakılığa, öldürülmə hallarına məruz qalır. Bu istiqamətdə coğrafi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər kəs mübarizə aparmalıdır. Qadınlar istər siyasi, iqtisadi, istərsə də ictimai həyatda bərabər hüquqlara malik olmalıdırlar. Hazırda dünyada 30% qadın cinsi və fiziki zorakılıqla üzləşir. Artıq ölkələr bu cür hallara qarşı hərəkətə keçib, qanunvericiliklərində dəyişikliklər edirlər. Azərbaycan da qadın zorakılığı ilə ciddi mübarizə aparan ölkələr sırasındadır. Bizim burada toplaşmağımızın məqsədi də zorakılığın qarşısını almaq, qadınların cəmiyyətdə rolunun artırılmasına nail olmaqdır".
ABŞ-ın Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili Dereck Hogan qadın zorakılığına qarşı Azərbaycanla ABŞ-ın birgə çalışmalarından danışıb: "ABŞ qadın azadlıqlarına dəstək verir. Çox sevindirici haldır ki, biz belə bir ciddi məsələdə Azərbaycanla əməkdaşlıq edirik. Regionlarda qızlara qarşı ailədaxili zorakılığın qarşısının alınması istiqamətində işlər görülür".
Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini Oruc Zalov qadınların hüquqlarının pozulması hallarında müşahidə olunan bəzi statistik məlumatlara toxunub: "Müzakirə etdiyimiz məsələ beynəlxalq qanunlara əməl olunaraq həmişə DİN-nin diqqət mərkəzində olub. Gender məsələləri ilə bağlı xüsusi şöbəmiz də fəaliyyət göstərir. Bununla bağlı 102 zəng sisteminə müraciət edənlərin hüquqları təmin edilir, müvafiq zəruri tədbirlər görülür. Bu zəng sisteminə gündəlik 4 min müraciətdən 30%-i qadınlar tərəfindən edilir. Əməkdaşlarımız dərhal bu istiqamətdə araşdırmalar aparıb müraciətlərin öz həllini tapmasına çalışırlar. 2010-cu ildə 4489, 2011-ci ildə 4280, 2012-ci ildə 3218, 2013-cü ildə 1803 qadına qarşı zorakılıq halları qeydə alınıb. Göründüyü kimi qadınlara qarşı tətbiq olunan şiddət hallarında azalmalar müşahidə olunur. İllərlə bu rəqəmlər daha da azalacaq. Bunun üçün cəmiyyət birlikdə fəaliyyət göstərməlidir".
Millət vəkili Qənirə Paşayeva keçirilən konfransı cəmiyyətə ötürülən önəmli mesaj kimi qiymətləndirib: "Bu məsələdə aktiv və passiv ölkələr var. Azərbaycan güclü siyasi iradə nəticəsində bu istiqamətdə fəal mübarizə aparanlardandır. Məişət zorakılığının qarşısının alınması ilə bağlı Milli Məclisdə də aktiv müzakirələr aparılır. Erkən nikahların baş verməsinə xüsusi diqqət yetirilir. Erkən nikah riskinin böyük olduğu bölgələrdə maarifləndirmə işləri aparılır və son dövrlər bunun müsbət nəticələrini də əldə edirik. Qadınların cəmiyyətdə hüquq bərabərliyinə sahib olması çox önəmlidir. Bunun üçün qadınlarımızı, qızlarımızı qarşıdan gələn Bələdiyyə seçkilərində aktiv iştirak etməyə, öz hüquqlarından yaralanmağa çağırıram. Çox sevindirici haldır ki, son zamanlar bölgələrimiz də qadınlar vəzifələrə cəlb olunur. Ümid edirik ki, gələn parlament seçkilərində qadın parlamentarilərin sayı daha da artacaq".
Millət vəkili həmçinin, KİV-lərin zorakılıqla mübarizədə fəaliyyətini daha da gücləndirməli olmasından, maarifləndirmə işlərində yaxından iştirak etməli olduqlarından danışıb.
Daha sonra Konfrans seksiyalarda öz işini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB