Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası ilə birgə bələdiyyə seçkiləri ilə bağlı Şəki, Gəncə, Cəlilabadda və Füzuli rayonunda həmin regionlardakı ətraf rayonlar üzrə dairə və məntəqə seçki komissiyaları, bələdiyyələr cəlb olunmaqla silsilə maarifləndirmə tədbirləri keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, yekun tədbir Qubada təşkil olunub.
Tədbirdə MSK-nın əməkdaşları, Quba və regiondakı ətraf rayonların – Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı üzrə dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin nümayəndələri, KİV-in və icmaların təmsilçiləri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hikmət Yasinov bu aktual mövzuya həsr edilmiş əhəmiyyətli tədbirin təşkilinə görə Ombudsmana və MSK-ya minnətdarlığını bildirib, qarşıdan gələn bələdiyyə seçkilərinin vacibliyini qeyd edərək, rayonda insan hüquqlarının, o cümlədən seçki hüquqlarının təmini ilə bağlı tədbirlər, seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə hazırlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər barədə məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Azərbaycan Respublikasında seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar və ölkəmizin vətəndaşlarının bələdiyyə seçkiləri ilə bağlı hüquq və vəzifələri" mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda getdiyini bildirmiş, ölkəmizin davamlı inkişaf tempinin onu dünya miqyasında aparıcı ölkələrdən birinə çevirdiyini vurğulayıb. O, Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hər bir şəhərdə, rayonda, bütün ölkə ərazisində, o cümlədən Qubada geniş abadlıq-quruculuq işlərinin aparıldığını, əhalinin rifahının yüksəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, sosial və iqtisadi inkişafla yanaşı, insan hüquqları sahəsində də geniş islahatlar aparılmış, Azərbaycan çoxsaylı beynəlxalq Konvensiyalara qoşulub, milli qanunvericilik, institutlaşma təkmilləşdirilmiş, ölkəmiz müstəqillik əldə etdikdən sonra insan hüquqlarının, o cümlədən seçki hüquqlarının müdafiəsi və təmini sahəsində də mühüm irəliləyişlər olmuşdur. Ölkədə artıq 12 ildir ki, fəaliyyət göstərən Ombudsman təsisatı insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində də maarifləndirmə işinə daim önəm vermişdir. Bu istiqamətdə MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulmuş, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirləri, treninq-seminarlar keçirilib, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işi də səmərəli olub.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
A.Səfixanlı bildirmişdir ki, qarşıdan gələn 23 dekabr -- Bələdiyyə seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir, seçmək və seçilmək hüquqları prioritet məsələdir, bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Bu seçkilərlə bağlı MSK tərəfindən plana uyğun olaraq, yerlərdə də silsilə hazırlıq tədbirlərinin keçirildiyi və nəzərdə tutulmuş tarixlər çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydiyyatı istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, ölkə Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamları mühüm əhəmiyyət kəsb edir, bu sərəncamların əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmışdır və adı çəkilən sənədlərin təbliği zəruridir. Müvəkkil və onun Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləyib, bu istiqamətdə müəyyən təcrübə qazanılmışdır. Bildirilmişdir ki, Ombudsman və əməkdaşları qarşıdakı seçki prosesində də ölkənin müxtəlif rayonlarında müşahidəçi qismində iştirak edəcəklər. Bununla yanaşı, bir müddət əvvəl təsisatda əməkdaşlar üçün treninq təşkil olunub, faydalı məlumatlar əldə edilib.
MSK-nın nümayəndəsi Faiq Bəşirov çıxışında təmsil etdiyi qurumun fəaliyyəti, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında məlumat verib.
Müzakirələr zamanı region üzrə dairə və məntəqə seçki komissiyalarının sədrləri, bələdiyyə üzvləri və digər iştirakçılar çıxış edərək, bu sahədə regionda aparılan işlər, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə hazırlıq, DSK və məntəqə seçki komissiyalarının, habelə bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat verib, həmçinin seçki hüquqları sahəsində maariflənmənin vacibliyini qeyd ediblər.
Tədbir səmərəli fikir mübadiləsi şəraitində başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB