İki günlük respublika elmi-praktiki konfransı öz işinə başladı FOTO

İki günlük respublika elmi-praktiki konfransı öz işinə başladı FOTO

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində "XXI əsr mədəni paradiqması multimədəni aspektdə" mövzusunda iki günlük respublika elmi-praktiki konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, "XXI əsr mədəni paradiqması multimədəni aspektdə" mövzusunda respublika elmi-praktiki konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Giriş sözü ilə çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından hər kəsi salamlayıb. Oktyabrın 2-3-də keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda bölmələrdən birinin ADU-ya tapşırıldığını xatırladan prorektor D. Yunusov orada müzakirə olunan maraqlı mövzulardan və əldə olunan yüksək nəticələrdən söz açıb. Hazırda dünyanın bir çox ölkələrində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq kimi məsələlərin ciddi müzakirə obyektinə çevrildiyini söyləyən D. Yunusov bugünkü konfransın mövzusunun aktual olduğunu bildirib. "XXI əsr mədəni paradiqması multimədəni aspektdə" mövzulu konfransın bölmələrində tərcümə problemləri, xarici dilin tədrisi problemləri, dil və ədəbiyyat kimi mövzularında müzakirə olunacağını deyən prorektor 20 ali təhsil ocağı və Bakı şəhərinin bir çox rayonlarında yerləşən orta məktəblərindən qonaqların konfransın işində fəal iştirak etdiklərini və bölmələrdə öz məruzələri ilə çıxış edəcəklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. ADU-nun yerli və beynəlxalq konfranslarda fəal iştiraka önəm verən ali təhsil müəssisəsi olduğunu deyən prorektor D. Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış edib.

Plenar iclasda ADU-nun müəllimləri Gülnarə Hacıyevanın "Diplomatik yazının səmərəli tədrisində vacib amillər: rəsmi və qeyri-rəsmi məktubların yazılma qaydaları", Mahirə Hacıyevanın "Multimədəni mühitdə humanist müna-sibətlərin formalaşmasında bədii ədəbiyyatın ideoloji gücü", Rəna Fərəcovanın "Multimədəniyyət və tolerantlıq anlayışlarının Azərbaycan modelində kəsişməsi", Vüsalə İsgəndərovanın "Qloballaşma şəraitində ədəbi dilimiz və reklamlar" mövzusunda məruzələri dinlənilib.

ADU-da keçirilən "XXI əsr mədəni paradiqması multimədəni aspektdə" mövzusunda respublika elmi-praktiki konfransının plenar iclası başa çatdıqdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

"Postmodernizm fənlərarası fenomen kimi", "Tərcüməçi qlobal və lokal bilik arasında", "Qloballaşma şəraitində dəyişən dünyanın dil mənzərəsi", "Xarici dillərin tədrisində ritorika məsələləri" mövzusunda keçirilmiş bölmələrdə müzakirələr aparılacaq. Qeyd edək ki, ümumilikdə 160 məruzə dinləniləcək.

Konrans öz işini sabah noyabrın 26-da başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə