“Uşaq teleefirinin problemləri və perspektivləri” VİDEO

“Uşaq teleefirinin problemləri və perspektivləri” VİDEO

Bu gün "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin təşəbbüsü ilə "Uşaq teleefirinin problemləri və perspektivləri" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bildirib ki, hər bir ailəyə maneəsiz daxil olan televiziya bu gün uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına, cəmiyyətdə ünsiyyət qurma və davranış qaydalarının bir sistem kimi yaranmasına bəlkə də ailə və məktəbdən daha güclü təsir göstərir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqini aparıb: "Monitorinqin keçirilməsində məqsəd onun nəticələrini 2011-ci ildən etibarən aparılan araşdırmaların nəticələri ilə müqayisə edərək ötən müddət ərzində teleməkanda baş verən dəyişiklikləri təhlil etmək olub. Beləliklə, 4 həftə ərzində hazırda ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi aparılmış və müəyyən edilib ki, 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişiklik yoxdur. Belə ki, ayrı-ayrı ümumölkə televiziya kanallarında bu sahədə ya cüzi artım və ya azalma aşkarlanıb ki, ümumilikdə orta hesabla verilişlərin vaxtı 2011-ci ildəki 7,9%-dən 2014-cü ildə 7,31%-ə qədər azalıb".

Vurğulanıb ki, müsbət dəyişiklik regional telekanallarda müşahidə olunub: "Belə ki, "Region TV" televiziya kanalı Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) müstəqil regional telekanalları ilə birgə Azərbaycanda ilk televiziya şəbəkəsini yaradıb. Şəbəkənin ümumi proqram cədvəli tərtib edilir və müəyyən verilişlər regional telekanallar tərəfindən hazırlanaraq öz regionları üçün translyasiya olunur. Uşaq verilişləri üçün müəyyən vaxt ayrılıb (ümumi efir vaxtından 3,27%) və hər regional telekanalın öz verilişi bu vaxtda göstərilir.

Beləliklə, digər ölkələrdən fərqli olaraq "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda (25 iyun 2002-ci il) uşaq verilişlərinə ayrılan mütləq efir vaxtının nəzərdə tutulmaması, uşaq verilişlərində reklamların yerləşdirilməsindəki məhdudiyyətlər nəticəsində telekanalların kommersiya maraqları uşaqların maraqlarını üstələyir. Monitorinq zamanı telekanallarda uşaq və gənclər üçün verilişlərin növləri də təhlil olunub. Təhlil zamanı göstərilən verilişlər maarifləndirici-əyləncəli proqramlar və filmlər (bədii, animasiya və cizgi) bloklarına ayrılaraq qiymətləndirilib. Göründüyü kimi telekanallar bir qayda olaraq maarifləndirici verilişlərə önəm vermir, yalnız İTV-də bu rəqəm 50%-dən çoxdur. Nümayiş olunan animasiya və cizgi filmləri arasında isə milli filmlər demək olar ki, yoxdur. Milli uşaq seriallarının istehsalı məsələsi hələ də həll olunmayıb".

Birlik sədri qeyd edib ki, uşaq və gənclərə ünvanlanan bədii filmlərin milli bazası yenilənmir: "Nəticədə uşaqlarımız yalnız xarici filmlərə baxmaq məcburiyyətindədirlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qəbul olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.6 bölməsində animasiya filmləri vasitəsi ilə yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi məqsədi ilə vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması nəzərdə tutulsa da, bu gün bu sahədə irəliləyiş müşahidə olunmur. Monitorinq zamanı o da müəyyən olunub ki, artıq dörd il ərzində fəaliyyət göstərməsinə baxmayaraq İdman TV sağlam həyat tərzinin və milli idmanımızın şanlı tarixinin təbliği, ayrı-ayrı idman növləri üzrə təlim verilişlərinin göstərilməsi sahəsində potensialından hələ də istifadə etmir. Bakı-2015 İlk Avropa Oyunlarının Vətənimizdə keçiriləcəyini nəzərə alsaq gənc nəslin bu böyük idman bayramına məlumatlı idman azarkeşi və gələcəyin potensial idmançısı qismində qatılmasında ölkənin yeganə idman telekanalının əhəmiyyətli rol oynaya biləcəyi şübhə doğurmur.

Uşaqlar üçün gündəlik axşam verilişlərinin translyasiya olunması ənənəsini 2011-ci ildən bugünədək yalnız İTV həyata keçirir ("Biri var imiş, biri yox imiş"). Bu ildən isə Space telekanalında "Yuxunuz şirin olsun" axşam verilişi hər axşam uşaqlarımıza qonaq gəlir. Ümumiyyətlə bir çox telekanallarda uşaq verilişləri əsasən iş günlərində nümayiş olunur və həftə ərzində efirdə qeyri-bərabər paylanılır. Eyni zamanda, yetişən nəslə dair zəngin normativ-hüquqi baza yaradılmış, sosial-iqtisadi, uşaq hüquqları və digər sahələrdə uşaqların həyatını, cəmiyyətdə yerini və münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, mövcud Beynəlxalq Konvensiyalara qoşulmaqla beynəlxalq qanunvericiliyə uyğun hüquqi zəmin yaradılıb.

"Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. Lakin bu Qanunun əhatə dairəsinə 14-30 yaş aralığında olan gənclər aiddir, halbuki

hər kəsin bir şəxs kimi mənəvi, mədəni, əxlaqi cəhətdən formalaşması demək olar ki, 14 yaşa çatarkən bitir. Beləliklə, hər bir cəmiyyətin gələcək vətəndaşlarının kamil üzv kimi formalaşmasında strateji rol oynayan yetişən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi məsələsi müxtəlif qanunlar və sərəncamlarda təsbit edilsə də mükəmməl, tam və hərtərəfli bir qanunun və ya milli strategiyanın işlənilməsinə zərurət vardır".

İradə Yaqubova daha sonra aparılan araşdırmaların nəticələrindən irəli gələn əsas problemləri göstərib:

- milli bədii, animasiya və cizgi filmləri, teleserialların çəkilməməsi;

- uşaq verilişlərinə dair normativ-hüquqi bazada boşluqların olması.

- teleefirdə hələ də uşaq mahnılarının təbliğinin zəif olması;

- uşaq verilişlərinin tərtibi və məzmununa lazımi nəzarətin olmaması;

- uşaqlar üçün ayrılan teleefir vaxtının həm kəmiyyət, həm də keyfiyyət cəhətdən qənaət-bəxş olmaması

- uşaq və gənclərin müxtəlif yaş qruplarının maraqları və xüsusiyyətlərini nəzərə almaqla yüksək səviyyəli, milli-mənəvi dəyərlərə uyğun, peşəkarların iştirakı ilə mükəmməl verilişlərin hazırlanması və yayımlanmasını təmin edən ixtisaslaşmış milli uşaq telekanalının olmaması səbəbindən yetişən nəslin mədəni-mənəvi xüsusiyyətlərinin xarici uşaq telekanallarının yayımladığı verilişlərin təsiri altında formalaşması;

Beləliklə, yetişən nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş üzvü kimi formalaşmasında televiziyanın effektivliyinin artırılması məqsədi ilə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi təklif edir:

1. Gənc nəslin mill ruhda, mədəni, əxlaqlı və mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan milli uşaq verilişlərinin (əyləncəli və maarifləndirici verilişlər, bədii, animasiya, cizgi və elmi-kütləvi filmlər) sayının azlığını, uşaq musiqisi və ədəbiyyatında mövcud durğunluğu, uşaq mədəniyyəti sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyinin tələb olunmasını nəzərə alaraq və bu sahədə ciddi dönüşün yaradılmasında dövlət dəstəyini zəruri hesab edərək ölkə Prezidenti yanında Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması zəruridir;

2. Müvafiq qanunvericilikdə uşaq və yeniyetmələrə dair mövcud boşluğu nəzərə alaraq uşaq və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə yönəlmiş və

bu sahədə dövlət strategiyasını əks etdirən Uşaq Siyasətinə dair Milli Strategiya qəbul edilməlidir. Sənədin hazırlanmasına müvafiq dövlət qurumları ilə bərabər vətəndaş cəmiyyətinin təmsilçiləri də cəlb olunmalıdır.

3. Bütün ölkə ərazisində yayımlanacaq Dövlət Uşaq Televiziya Kanalı açılmalıdır. Uşaqlara ünvanlanan verilişlərin milli bazasının bugünkü vəziyyətini nəzərə almaqla ilk vaxtlarda telekanalın fəaliyyəti gün ərzində qısa müddətli translyasiya ilə mümkündür;

Qeyd edilib ki, Monitorinq "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayından könüllülük prinsipi və təşkilatın daxili imkanları hesabına həyata keçirdiyi "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" layihəsi çərçivəsində aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə