Ombudsman əməkdaşları Qarabağ Regional Uşaq Forumunda iştirak ediblər

Ombudsman əməkdaşları Qarabağ Regional Uşaq Forumunda iştirak ediblər

Bu günlərdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Ağcabədi şəhərindəki Muğam Mərkəzində rayon icra hakimiyyətinin, polis şöbəsinin, habelə təhsil, mədəniyyət və turizm şöbələri əməkdaşlarının, məktəblilərin, müəllim və valideynlərin, həmçinin KİV nümayəndələrinin də qatıldığı Qarabağ Regional Uşaq Forumunda iştirak ediblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı forumu giriş sözü ilə açaraq, tədbirin əsas məqsədinin uşaqlara öz hüquq və azadlıqları haqqında bilgilər aşılamaqdan ibarət olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov forum iştirakçılarına Ombudsman Elmira Süleymanovanın salamlarını çatdırıb, BMT-nin Uşaq hüquqları haqqında konvensiyası ilə nəzərdə tutulmuş hüquqlar, Ombudsmanın təşəbbüsü ilə həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris layihəsi, təsisatda fəaliyyət göstərən uşaq hüquqları üzrə 916 nömrəli qaynar xətt barədə tədbir iştirakçılarına məlumat verib. O, belə maarifləndirmə tədbirlərinin uşaqların cəmiyyətin bərabərhüquqlu üzvü kimi formalaşması baxımından əhəmiyyətini önə çəkib.

Forumun bədii hissəsində məktəblilər uşaq hüquqları mövzusunda maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə