Tahir Kərimli: "Ola bilər ki, yeni yaranacaq partiyanın adı "Yeni Müsavat" olsun"
Müsavat parçalanır

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi

- Tahir bəy, Müsavat partiyasının ümumrespublika müşavirəsi də qalmaqalla keçdi və narazılar İsa Qəmbəri və Arif Hacılını tənqid etdilər. Bu faktın özü artıq Müsavatda körpülərin tamamilə yandığından xəbər vermir ki?

- Müsavat partiyası AXCP-dən ayrılması hesabına yaranıb. Bu müşavirə də bir daha göstərdi ki, Müsavat daxilində yeni partiyanın yaranması qaçılmazdır. Müşavirənin nəticələri göstərdi ki, bu şəxslər arasında heç bir səmimiyyət, əqidə və ideoloji birlik yoxdur. Bir sözlə, Müsavatda şəxsi ambisiyalar üzə çıxıb. Uzun illərdir ki, bu da belə olub. Buna görə də, orada baş verən qalmaqalları gözlənilən hal kimi dəyərləndirmək lazımdır. Bütün bunlar Müsavat partiyasının dağılacağından xəbər verir.

- Müşavirədə İsa Qəmbər Qubad İbadoğlunu hədəfə alaraq onu partiyanı parcalamaqda və yalan danışmaqda günahlandırdı. Demək olarmı ki, İsa Qəmbər Arif Hacılını açıq şəkildə müdafiə etməyə başlayıb?

- Müsavatın qurultayının nəticələri ilə Qubad İbadoğlunun barışmaması elə bir situasiya yaradırdı ki, İsa Qəmbər seçim qarşısında qalırdı. Ya özünün elan elədiyi kimi, özünün iştirak etdiyi prinsiplərlə formal olaraq Arif Hacılını başqan kimi tanımalı, ya da əks tərəfə keçməli idi. İsa Qəmbər götür-qoy edəndə Arif Hacılının tərəfini saxlamağa məcbur olub. Çünki Müsavatın gələcəyini, yəni 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyini təşkilati baxımından Arif Hacılının dəstəyində görür.

- Müsavatda narazıların yeni partiya yaradacaqları deyilir. Ümumrespublika müşavirəsindən sonra yeni partiyanın yaradılması prosesinin sürətlənəcəyini demək olar?

- Əlbəttə, sürətlənəcəkdir. Çünki düşmənçiliyi, intriqaları və didişmələri gizlətmək mümkün deyil. Əvvələr müxalifət bütövlükdə iqtidara qarşı mübarizə aparırdı. İndi isə fəaliyyətlərini bir-birlərinə qarşı yönəldiblər. Bir sözlə, müxalifət daxilində proseslər o dərəcədə dərinləşib ki, hətta ayrı partiya yaratmaq məcburiyyətində qalıblar. Belə olan halda bu proseslər getdikcə sürətlənəcəkdir.

- Sizcə, "Yeni Müsavat" partiyasının bərpa olunaraq siyasi gündəmə gətirilməsi nəyi dəyişəcək?

- Yeni yaranacaq partiya da elan edəcək ki, onun ideologiyası müsavatçılıqdır, əsl müsavatçı və Müsavat partiyası onlardır. Ola bilsin ki, yeni yaranacaq partiyanın adı "Yeni Müsavat" olsun. Bu, yalnız təşkilatçıların verəcəkləri qərardan asılı olacaq.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə