Türkiyədə "Kəlbəcər girovlarına azadlıq" tələb edildi

Türkiyədə "Kəlbəcər girovlarına azadlıq" tələb edildi

Türkiyə Respublikasının Adana şəhərində keçirilən Aydınlar Ocaqlarının 40-cı Şura toplantısı başa çatıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirovun rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti 40-cı Qurultayda iştirak edib. Konfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri, Adana şəhərinin bələdiyyə başqanı, 30-dan artıq Aydınlar Ocaqları birliklərinin nümayəndələri və s. iştirak edib.

Şura toplantısının yekun qətnaməsində öz dədə-babalarının məzarlarını ziyarət etmək üçün ermənilər tərəfındən işğal edilmiş Kəlbəcər rayonuna gedərkən girov götürülərək öldürülmüş Həsən Həsənovun, bü günə qədər işgəncələrə məruz qalan Dilqəm Əhmədovun və Şahbaz Quliyevin dərhal azad olunmasını tələb edən bəyanat qəbul edilib.

Bəyanatda deyilir: "1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına silahlı təcavüzü nəticəsində 20%-dən artıq Azərbaycan ərazisi işğal edilmiş, 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün kimi yaşamaqdadırlar. İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin dərhal çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamə yerinə yetirilməmiş, əksinə Ermənistanın Azərbaycan torpaqlarına işğalı bu gündə davam etməkdədir. Aydınlar Ocakları 40-cı Şurasının nümayəndələri dünya birliyini: BMT-ni, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın təcavüzkar siyasətlərinə biganə qalmamağa, ikili standartlara son qoymağı, eyni zamanda 2014-cü ilin iyul ayında öz dədə- babalarının məzarlarını ziyarət etmək üçün ermənilər tərəfındən işğal edilmiş Kəlbəcər rayonuna gedərkən girov götürülmüş və bü günə qədər işgəncələrə məruz qalan Dilqəm Əhmədovun və Şahbaz Quliyevin dərhal azad olunmasını tələb edərik".

Bütün xəbərlər Facebook səhifəmizdə