"Şəxsi İnkişaf Akademiyası" layihəsinə start verilib YENİLƏNİB (VİDEO)
Bu gün "İrəli" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə "Şəxsi İnkişaf Akademiyası" layihəsinə start verib. SİA-nın məlumatına görə, layihədə Bakı şəhərində respublikanın 11 regionunu və Bakıda fəaliyyət göstərən 10 ali təhsil müəssisəsini təmsil edən 40 gənc iştirak edib. Tədbirdə "İrəli" İB-nin sədri Mirhəsən Seyidov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, millət vəkili Fuad Muradov və digər şəxslər iştirak edib.
"İrəli" İB-nin sədri Mirhəsən Seyidov tədbiri giriş nitqi ilə açaraq gənclər sektoruna dövlət dəstəyinin diqqətini və qayğısını yüksək qiymətləndirib: "İrəli" İB dövlət tərəfindən aparılan siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. Birlik gənclərin fəaliyyətini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər təşkilatlarının işində yaxından iştirak edən gənclər təşkilatıdır ki, bu təşkilat Azərbaycanda aparılan dövlət gənclər siyasətinin ən bariz nümunələrindən biridir. Gənclər təşkilatları sektorunun inkişafına təkan verməsi bu sahənin inkişafının zərurliyini aşkara çıxarır".
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə diqqətə çatdırıb ki, bəzi hallarda gənclər təşkilatlarının böyük əksəriyyəti tədbirlərini şəhərin mərkəzində 4, 5 ulduzlu otellərdə keçirməyə böyük həvəs göstərirlər. Amma Azərbaycanda fəaliyyət göstərən Gənclər Evləri bir növ gənclərimiz üçün yaradılıb. Hesab edirəm ki, bu mərkəzlərin imkanlarından istifadə edilməsində "İrəli" İB-nin təcrübəsi onlara bir növ nümunə olacaq. Tədbirin mahiyyətinə gəldikdə isə onu demək istərdim ki, bu gün ölkəmizdə nəinki gənclər sahəsi, eləcə də müxtəlif sahələr inkişaf edir. Buna görə də gənclərimiz bu inkişaf tempinə uyğun olaraq özləri öz üzərində işləməlidirlər".
Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov bildirib ki, Fond tərəfindən 6-cı qrant müsabiqəsi elan olunub: "1500-dən çox layihə artıq maliyyələşdirilib. Hazırda layihələrin qiymətləndirilməsi prosesi gedir. Yaxın zamanlarda həm gənclər təşkilatları, həm də fərdi gənclər öz layihələrinin qalib olub-olmadığı barədə məlumatla tanış olacaqlar. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərə əlavə dəstəyin yaradılması məqsədilə 2011-ci ilin dekabr ayının 15-də ölkə rəhbəri tərəfindən təsis edilib. Təbii ki, biz də bu sahədə maksimum çalışmışıq ki, gənclərə şərait yaradaq".
Millət vəkili Fuad Muradov isə qeyd edib ki, istəyimiz odur ki, bütün gənclərimiz xüsusilə region gəncləri bilik, bacarıq, nailiyyətlərini toplasın və Azərbaycan üçün dəyərli bir vətəndaş olsun: "Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr və maliyyələşdirdiyi proqramlar məhz bununla bağlıdır. Prezident İlham Əliyev hər zaman gənclərlə görüşəndə bizləri dinləyir və qarşımızda müəyyən vəzifələr qoyur. Bu vəzifələrin əsas istiqaməti isə vətənpərvərlikdir".
Akademiya region və paytaxt gənclərinin inkişafına sistemli yanaşmanı əsas tutan təlim sessiyalarını əhatə edir. "Şəxsi İnkişaf Akademiyası" regionlarda və universitetlərdə "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək koordinatorluqların, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərəcək gənclərin idarəetmə qabiliyyətlərinin artırılmasına, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasını təmin edəcək. "Şəxsi İnkişaf Akademiyası" koordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılması üçün təşkil olunacaq.
Xatırladaq ki, "İrəli" İB Azərbaycan Respublikasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB