Şeyxülislam İranda İŞİD-dən danışdı FOTO

Şeyxülislam İranda İŞİD-dən danışdı FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İran İslam Respublikasına ikigünlük rəsmi səfərdədir. SİA-nın xəbərinə görə, ölkənin tanınmış din alimlərindən olan Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşən səfərdən məqsəd noyabrın 23-24-də İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etməkdir.

Şeyxülislam həzrətlərinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini Tehran Hava Limanında Qum Elmi Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Hüccətülislam Seyyid Ali-Əyyub qarşılayıb. Qarşılanma mərasimində Azərbaycan Respublikasının İrandakı Fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov, İranın Ali Dini Rəhbərinin Azərbaycandakı nümayəndəsi Hüccətülislam Seyid Əliəkbər Ocaqnejad və QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov iştirak ediblər.

Noyabrın 23-də Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" adlı Beynəlxalq konfransın işinə qatılıb. Dünyanın 83 ölkəsini təmsil edən tanınmış müsəlman din alimləri və nüfuzlu ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin gündəmindəki mövzular dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr edilib.

Beynəlxalq tədbirin təşkilatçısı olan Ayətullah Məkarim Şirazi konfransın keçirilməsinin iki başlıca məqsəd daşıdığını söyləyib. O, bunları qeyd edib: "Əvvəla məqsədimiz məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır. İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir."

Tədbir çərçivəsində Ayətullah Məkarim Şirazi Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə görüş keçirib. QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam həzrətləri Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. O, vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Ayətullah Məkarim Şirazi öz növbəsində dəvəti qəbul edib konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə öz minnətdarlığını bildirib və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş edib.

Noyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə həzrətləri beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri bunları qeyd edib: "Müasir dünyamızda "Allahu əkbər!" nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər".

Şeyxülislam həzrətləri çıxışının davamında bunları söyləyib: "Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük".

QMİ sədrinin çıxışının tam mətni və videogörüntüsü saytımızda ayrıca yerləşdirilib.

Şeyxülislam həzrətləri İrana ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimi, İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayındəsi Ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb. Səmimi şəraitdə keçən görüşdən sonra QMİ sədrinin şərəfinə ziyafət verilib.

Qeyd edək ki, səfərdə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev və qurumun digərlər əməkdaşları müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə