Kütləvi informasiya vasitələri ilə bank sektoru arasında tərəfdaşlıq əlaqələri genişlənməlidir

Kütləvi informasiya vasitələri ilə bank sektoru arasında tərəfdaşlıq əlaqələri genişlənməlidir

Zərdabi Mətbuat Mərkəzi "Kred-Aqro" bank olmayan kredit təşkilatı ilə birgə Gəncədə "Bank-kredit sektoru-debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində "dəyirmi masa" keçirib.

"Dəyirmi masa"da çıxış edən Zərdabi Mətbuat Mərkəzinin sədri, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə bundan əvvəl layihə çərçivəsində Masallı, Zaqatala və İsmayıllıda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Kütləvi informasiya vasitələri ilə bank sektoru arasında tərəfdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi sahəsində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, layihənin əsas məqsədi bank-kredit sektoru ilə kütləvi informasiya vasitələri arasında mövcud olan soyuq münasibətləri aradan qaldırmaq və onları tərəfdaşlıq mövqeyinə yaxınlaşdırmaqdır. Son illər Zərdabi Mətbuat Mərkəzinin "Kred-Aqro" ilə əməkdaşlığının müsbət nəticələr verdiyini diqqətə çatdıran natiq onu da əlavə edib ki, bu əməkdaşlıq ölkəmizdə jurnalist təşkilatı ilə bank-kredit sektoru arasında müsbət tərəfdaşlığa bir nümunədir.

Tədbirdə bəzi informasiya vasitələrinin iqtisadi mövzuda təqdim etdikləri yazıların müsbət tərəfləri dəyərləndirilsə də, bəziləri haqqında tənqidi fikirlər səsləndirilib.

"Dəyirmi masa"da iştirak edən kütləvi informasiya vasitələrinin, eləcə də Gəncədə fəaliyyət göstərən müxtəlif bankların nümayəndələri çıxış edərək müzakirə olunan mövzu ətrafında fikirlərini açıqlayıblar. Müzakirələrdə hər iki tərəf arasında əlaqələrin qurulması istiqamətində müxtəlif təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə