ARDNŞ gənclərlə görüşüb

Bu gün "Neftqazelmitədqiqatlayihə" İnstitutunda "ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr" mövzusunda görüş keçirilib. Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla şirkət rəhbərliyinin nümayəndələri, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin yüksək vəzifəli təmsilçiləri, ölkəmizdəki ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də şirkətin təqaüd proqramları çərçivəsində xaricdə və Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr, habelə bu proqramlar çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislər iştirak edib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxış edərək görüşün əlamətdar günə Yeni Azərbaycan Partiyasının yaradılması gününə təsadüf etdiyini bildirərək tədbir iştirakçılarını təbrik edib. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb. Bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. Ölkəmizdə davamlı olaraq həyata keçirilən gənclər siyasətindən danışan Rövnəq Abdullayev gənc nəslin ictimai fəallığının artırılması, onun enerji və potensialından daha effektiv istifadə edilməsi, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində yaradılmış imkanlardan söz açıb. Ölkəmizdə keçirilən beynəlxalq mötəbər idman və intellektual turnirlərdə gənclərin əldə etdikləri uğurları yüksək qiymətləndirən ARDNŞ prezidenti enerji ehtiyatlarından əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəltməklə Azərbaycanın davamlı inkişafının təmin olunduğunu vurğulayıb. Bu mənada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.

Tədbirdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli gənclər arasında görülən işlər haqqında statistikanı açıqlayıb. ARDNŞ-nin həyata keçirdiyi kadr hazırlığı proqramları haqında qısa film nümayiş etdirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov, ARDNŞ-nin birinci vitse- prezidenti, akademik Xoşbəxt yusifzadə, universitet rektorları, YAP Gənclər təşkilatının sədri Seymur Orucov çıxış edib. Sonda görüş iştirakçıları tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, indiyədək 250 gəncin Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya və Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib. Onların 199 nəfəri təhsilini bitirib vətənə qayıdaraq SOCAR-da işlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə