Şeyxülislam gürcüstanlı nazirlə görüşüb FOTO

Şeyxülislam gürcüstanlı nazirlə görüşüb FOTO

Noyabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Gürcüstan Respublikasının Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadzeni qəbul edib. SİA-nın QMİ-nin saytına istinadən verdiyi xəbərə görə,

Şeyxülislam həzrətləri gürcüstanlı nazirin başçılıq etdiyi nümayəndə heyətini salamladı və gerçəkləşən səfərin əhəmiyyətini qeyd edib.

Söhbət əsnasında QMİ sədri Azərbaycanla Gürcüstanın dostluq və səmimiyyət əsasında qurulan münasibətlərinin getdikcə daha da inkişaf etdiyini bildirdi və bu işdə iki ölkənin dövlət başçılarının, eləcə də Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın xüsusi xidmətlərini vurğulayıb.

Şeyxülislam həzrətləri qeyd edib ki, qonşu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan Respublikasının vətəndaşları olaraq Gürcüstana xidmət etdikləri kimi, Azərbaycanda yaşayan gürcülər də eyni dərəcədə vətənləri Azərbaycana xidmət etməlidirlər. QMİ sədri vurğulayıb ki, yalnız bu yolla iki dövlət arasında olan qardaşlıq və mehriban qonşuluq münasibətlərinin daha dərin və davamlı olmasını təmin etmək olar.

Gürcüstan Respublikasının Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadze öz növbəsində səmimi qəbula görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib və QMİ sədrinin fikirlərini dəstəklədiyini söyləyib. G. Dumbadze qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıları ölkə ictimaiyyəti namuslu, zəhmətkeş, eləcə də layiqli insanlar kimi görür və tanıyır.

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev,QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, QMİ-nin Nəşriyyat şöbəsinin müdiri Zülfüqar Fərzəliyev, Gürcüstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə