Pərviz Musayev: “Miqrasiya sahəsində hələ də bir sıra problemlər var”

Pərviz Musayev: “Miqrasiya sahəsində hələ də bir sıra problemlər var”

"Azərbaycanda mövcud olan Miqrasiya Məcəlləsi həm regionda, həm də dünyada ilk qəbul olunan miqrasiya qanunudur". SİA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bu gün Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasına (Türk PA) üzv ölkələrinin sosial-siyasət komitələrinin II birgə toplantısında "TürkPA üzv ölkələrinin Miqrasiya Problemləri və İmkanları" mövzusunda müzakirələr zamanı deyib.

P. Musayev vurğulayıb ki, bu məcəllədə zaman-zaman bəzi dəyişikliklərin edilməsi beynəlxalq qanunlar çərçivəsində baş verir ki, bu da təbiidir.

P. Musayev bildirib ki, bu gün ölkəyə gələn əməkçi miqrantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur: "Azərbaycanda əməkçi miqrantların qəbul edilməsi və onların üçün müvafiq şəraitin yaradılması Miqrasiya Məcəlləsinə əsasən tənzimlənir. Sonuncu dəyişikliklərdən sonra bu proses daha da sadələşdirilib. Əgər əməkçi miqrantlar 5 il Azərbaycanda işlədikdən sonra, 1 il öz ölkəsində qalmaqla, yenidən Azərbaycana qayıtmaları nəzərdə tutulurdusa, indi bu məsələ aradan qaldırılıb. Azərbaycanda nigaha girənlər və sahibkarlıqla məşğul olanlar xüsusi icazə almadan istədikləri işlərlə məşğul ola bilirlər. Azərbaycan hər 4 ildən bir BMT-nin müvafiq komitəsində hesabat verir. Sonuncu hesabat komitə tərəfindən qəbul olunaraq, yüksək səviyyədə qiymətləndirilib".

P. Musayev deyib ki, bu islahatlarla yanaşı, miqrasiya sahəsində bir sıra problemlər hələ də qalmaqdadır: "Biz dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə bu problemlərin aradan qaldırılması üçün fəaliyyət göstəririk. Hesab edirəm ki, biz bu problemlərin həllinə nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə