UNİCEF-dən Milli Məclisə təklif

"Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilib
UNİCEF-dən Milli Məclisə təklif

Milli Məclisdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, uşaqlar iştirak edir.

Konfransı giriş sözü ilə açan Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir: "Müsəqillik əldə etdikdən sonra Azərbaycanda uşaq hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində çox ciddi addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin başlatdığı bu iş Prezident İlham Əliyev tərəfindən çox çevik və zamanın çağırışları nəzərə alınaraq həyata keçirilir".

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze deyib ki, 0-6 yaş arasındakı uşaqların tərbiyəsi və inkişafı xüsusi diqqətdə saxlanılmalıdır. "Bu yaş arası uşaqların təlim-tərbiyəsi, yaxşı qidalanması və inkişafı üçün maliyyə yardımının edilməsi vacib məsələdir. Xüsusilə də məktəbə qədər təhsil məhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması və diqqətin saxlanılması lazımdır".

Çıxışı zamanı A.Şilakadze belə bir təklif verib ki, məktəb yaşına çatmağa bir il qalmış uşaqlara məcburi təhsil sistemi tətbiq olunsun: "Bundan başqa, Milli Məclisdə uşaq hüquqları ilə bağlı resurs mərkəzi yaradılsın. Bu mərkəz uşaq hüquqlarının qorunması və digər sahələrdə təkliflər, qanun layihələri hazırlamalıdır".

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, erkən nigah, qız uşaqlarının təhsildən uzaqlaşdırılması hər bir ölkədə mövcud olan problemlərdir: "Əfsuslar olsun ki, bəzi təşkilatlar bu problemlə bağlı rəqəmləri şişirdib düzgün məlumatlar çatdırmırlar. Biz yerli icra hakimiyyəti nümayəndələri ilə bu istiqamətdə iş aparırıq, onlara mühazirələr keçirilir, bu məsələlər izah edilir. Bizim rayonlarda 11 mərkəzimiz var və onlar bu istiqamətdə səmərəli iş aparırlar".

H. Hüseynova qeyd edib ki, ötən il Azərbaycanda 15 erkən toyun qarşısı alınıb: "Bu il biz 7-8 belə toyu dayandırmışıq. Bizim müəssisənin nümayəndələri belə ailəyə mesaj göndərir ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz və sizə cinayət işi açıla bilər. Qız uşağına imkan yaradılmalıdır ki, təhsil alsın və sonra ailə qursun".

Çıxış edən Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib ki, Azərbaycan "Uşaq Hüquqları konvensiyası"na qoşulduğu ilk gündən qaçqın və məcburi köçkün uşaqların problemləri ilə üz-üzə qalıb: "Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istəyirəm. Doğrudur, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb. Bu uşaqlar böyüyərək ailə qururlar, övladları olur. Bu isə o deməkdir ki, Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq, həmin problemləri yaşayırlar. UNİCEF və digər beynəlxalq təşkilatlar bu məsələyə diqqətini artırmalıdırlar".

Millət vəkili Çingiz Qənizadə deyib ki, mülkiyyət hüquq ilə bağlı qanunda boşluqlar var və bu da dolayısı ilə uşaq hüquqlarının pozulmasına gətirib çıxarır.

Konfransa digər iştirakçıların çıxışları ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə