Bahar Muradova: “Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir”
"Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Vitse-spiker vurğulayıb ki, gələcəyimiz uşaqların əlindədir: "Milli Məclis uşaq hüquqları ilə bağlı məsələyə ciddi önəm verir. Ona görə də bütün beynəlxalq konvensiyalara, onlardan irəli gələn protokollara, o cümlədən uşaq hüquqları konvensiyasına qoşulub. Bu öhdəliklər bizim qanunvericiliyimizin tərkib hissəsidir və bundan irəli gələn qanunları qəbul etmişik. İnsan hüquqları çərçivəsində, uşaq hüquqları bizim ana qanunumuz olan konstitusiyanın müəyyən maddələrində təsbit olunub və həyatımızın ayrılmaz tərkib hissəsidir. Ən əsası onlar hüquq halını alana qədər Azərbaycanda uşaq hüquqlarının qorunması, onlara qayğı bizim həyat tərzimiz olub".
B. Muradova qeyd edib ki, Azərbaycanda hər zaman uşağa münasibət öndə tutulub: "Azərbaycanda ailə institutu çox möhkəm olub, bu gün də möhkəmdir. Gələcəkdə də heç bir qlobal dəyişikliklərin bu instituta zərərli təsir göstərəcəyi faktını biz qəbul edə bilmərik. Bütün fəaliyyətimiz ona yönəlib ki, bu institutun sağlamlığını qoruyub, saxlayaq. Cəmiyyətimizin, dövlətimizin inkişafının əsas nüvəsi kimi bunun üzərindən çıxış edirik".
"Müstəqillik əldə etdikdən sonra Azərbaycanda uşaq hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində çox ciddi addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin başlatdığı bu iş Prezident İlham Əliyev tərəfindən çox çevik və zamanın çağırışları nəzərə alınaraq həyata keçirilir" – deyə, B. Muradova vurğulayıb.
B. Muradova deyib ki, uşaqların hüquqlarının qorunası istiqamətində Azərbaycan ölkə daxili siyasəti ilə yanaşı, beynəlxalq qurumlarala da çox geniş əməkdaşlıq edir: "Bizim BMT-nin müvafiq qurumları, o cümlədən UNİCEF-lə əlaqələrimiz yüksələn xətlə gedir, birgə çoxsaylı layihələrə imza atmışıq. Azərbaycanda qəbul olunan bir sıra qanunlara uşaq hüquqları ilə bağlı edilən dəyişikliklər, məhz bu qurumun nümayəndələri ilə birlikdə müzakirələrdən keçirilərək qəbul edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB