Uşaq hüquqları Suraxanı rayonunda müzakirə edildi

Uşaq hüquqları Suraxanı rayonunda müzakirə edildi

Bu gün Suraxanı rayonu "Gənclər evin" də YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurası və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Konvensiyasının" 25 illiyi ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova,

YAP Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəsulov, Ombudsman Aparatının İnsan hüquqları sektorunun müdiri Rəşid Rumuzadə, Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Natiq Abbasov, rayon məktəbliləri, internat və uşaq evlərinin yetirmələri, eləcə də mövzu ilə əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva tədbirin əhəmiyyətindən danışıb. Ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan Z. Musayeva Heydər Əliyev Fondunun bu sahə ilə bağlı gördüyü işləri xüsusi vurğulayıb. O bildirib ki, Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi kimi böyük layihələrə imza atıb.

Onun sözlərinə görə, Fondun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir.

Daha sonra söz alan rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Həsənova söyləyib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə daim uşaqları diqqətdə saxlanır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.

Tədbirin davamında söz alan qonaqlar "Uşaq Hüquqları Konvensiyasının" əhəmiyyətindən danışaraq bildiriblər ki, beynəlxalq sənəd uşaq hüquqlarının hərtərəfli müdafiəsini əhatə edir.

Həmçinin qeyd edilib ki, uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Daha sonra tədbirdə 87 saylı orta məktəbin 2 sinif şagirdlərinin ifasında "Hüquqların mübahisəsi" adlı səhnəcik nümayiş etdirilib.

Tədbirin sonunda il boyu respublika və beynəlxalq tədbirlərdə fərqlənən uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə