“Azərsu” YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirib FOTO

“Azərsu” YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirib FOTO

Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü münasibətilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP "Azərsu"ASC ərazi ilk təşkilatının sədr müavini, "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, çıxışında partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat verib.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov partiyanın yaranma tarixinə nəzər salaraq qeyd edib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verib: "Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq dövlət başçısının paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri uğurla həyata keçirilir".

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıb, Ümummilli Lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib: "Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının sədri olmaq məsuliyyətini üzərinə götürüb. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".

Daha sonra təşkilati məsələlərə baxılıb, idarə heyəti yenidən formalaşdırılıb, Heydər Abbasov "Azərsu"ASC ərazi ilk təşkilatının sədri, Günay Məmmədli və Qafar Mədətov sədr müavinləri seçiliblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə