"Ermənilərin Azərbaycana qarşı separatizmi iki əsrdən artıq bir dövrü əhatə edir. Hələ 1678-ci ildə I Pyotr Azərbaycan ərazisində xristian dövləti yaratmaq iddiasında idi. Həmçinin, 1711-ci ildə bütün ermənilərin Türkiyədən, İrandan əvvəlcə Rusiyaya, sonra Azərbaycan ərazisinə köçürülmə siyasəti aparılırdı. Daha sonra bunu Sovet dövründə Mixail Qorbaçov davam etdirdi". Bu fikirləri SƏS TV-yə açıqlamasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin keçmiş rəis müavini olmuş polis polkovniki Sadir Məmmədov deyib.
1988-ci ildə ermənilərin Azərbaycana qarşı növbəti soyqırım siyasətinə başladıqlarını deyən Sadir Məmmədov, 1991-ci ilin noyabrın 20-də baş verən terror hadisəsinə də toxunub: "Noyabrın 19-da biz Bakıya gəlib erməni cinayətkarlarından bir neçəsini aparıb girovluda olan Şükür Rzayevi dəyişməli idik. İsmət Qayıbov bildirdi ki, Xankəndidə insanlar ermənilər tərəfindən silah gücünə qovularaq Ağdama yığışıblar. Bu məsələ ilə bağlı sabah Bakıdan nümayəndə heyəti gələcək. Onlarla görüşəndən sonra Bakıya gedib Şükür Rzayevi qaytarmaq üçün həbsdə olan ermənilərdən gətirərik. Noyabrın 20-də saat 11:30 radələrində YAK-40 helikopteri ilə mərhum dövlət katibi Tofiq İsmayılov, Məhəmməd Əsədov və digər nümayəndə heyəti Ağdama gəldilər. Ağdam İcraiyyə Komitəsinin sədrinin otağında yığışıb məsələ ilə bağlı müzakirə aparılırdı. Tofiq İsmayılov dedi ki, "mən imkan verə bilmərəm ki, camaat öz evindən-eşiyindən didərgin düşsün. Bu gün camaatı öz evlərinə qaytarmalıyam. Dərhal hadisə yerinə getməliyik". Onun bu qərarı ilə Mi-8 helikopteri ilə yola düşdülər. Mən də olarla getməyə hazırlaşmışdım. Amma Məhəmməd Əsədov mənə dedi ki, adam çox olduğundan helikopterdə yer yoxdur, mən getməsəm yaxşıdır. Mən Ağdamda qalıb onların qayıtmasını gözləməli oldum. Amma artıq saat 4 idi onlar hələ də qayıtmamışdılar. Sonra xəbər gəldi ki, tez təcili maşınlar Mərzili postuna yığışsın, helikopteri vurublar. Mən dərhal bu barədə Bakıya məlumat verdim və yollandım posta. Biz hadisə yerinə getdik, amma yanğından helikopterə yaxınlaşmaq mümkün deyildi".
Sadir Məmmədov həmçinin, həlak olanların bəzilərinin ölmədiyi və ermənilərə girov düşməsi məsələsinə də aydınlıq gətirib: "Bakıdan istintaq qrupu gəldi. Ertəsi gün biz yenidən hadisə yerinə getdik. Orada 12 meyit tam tanınırdı, 3-ü bəzi əlamətlərinə görə tanındı, 7-si isə ekspertizaya aparıldı. Məlum oldu ki, helikopterdə olan 22 nəfərin hamısı həlak olub. O vaxt müxalif qüvvələr bu barədə yanlış informasiyalar yaydılar. Amma mən onların bu yalanına cavab verdim. Elə İsmət Qayıbovun cəsədini tabuta özüm qoymuşam. Onların heç biri sağ qalmamışdı. Həmin vaxt ölkədə xaos var idi, rəhbərlik çox zəif idi. Ona görə də bu cür yalan məlumatlar yayılırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB