Ombudsman təsisatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası Şəki və Gəncə şəhərlərində "İnsan hüquqlarının müdafiəsi üzrə beynəlxalq və milli müdafiə mexanizmləri" mövzusunda maarifləndirmə təlimləri keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, regionlarda hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün təşkil olunmuş bu təlimlərdə habelə KİV-in təmsilçiləri və tələbələr də iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müvafiq məruzələrlə çıxışlar edərək, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilmiş hüquqi islahatlar, təsisatın insan hüquqlarının səmərəli müdafiəsində rolu, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verib. O, habelə ölkəmizdə insan hüquqlarına dair dövlət proqramları, planları və strategiyaları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) mahiyyəti, əhəmiyyəti, səciyyəvi cəhətləri və məzmunu, Ombudsmanın MFP-nin implementasiyasında rolu haqqında danışıb.
Ölkə Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov BMT-nin insan hüquqları sahəsində əsas təyinatını, qanun qarşısında bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnu təmin edən universal hüquq normalarını iştirakçıların diqqətinə çatdırıb.
Müzakirələr zamanı hüquq-mühafizə orqanlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələri bu təlimlərə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, səmərəli fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Ombudsman təsisatında insan hüquqları ilə bağlı hazırlanmış çoxsaylı nəşrlər paylanıb. Belə hüquqi maarifləndirmə təlimlərin yaxın zamanlarda digər regionlarda da keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB