Ombudsmanın nümayəndəsi UNİCEF-in konfransında iştirak edib

Ombudsmanın nümayəndəsi UNİCEF-in konfransında iştirak edib

Xəbər verildiyi kimi, bu günlərdə Belarus Respublikasının Minsk şəhərində UNİCEF-in Regional Konfransı keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, "Milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi, uşaqların baxımsızlığı, təhqir, zorakılıq və istismardan müdafiəsi" mövzusunda keçirilən regional konfransa Mərkəzi Avropa və Asiyadan 22 region dövlətinin nümayəndə heyəti, milli insan hüquqları təsisatları, QHT və müstəqil ekspertlər, UNİCEF təmsilçiləri qatılıblar.

Beynəlxalq toplantıda müxtəlif dövlətlərdən olan nümayəndə heyətlərinin, müstəqil ekspertlərin uşaqlara qarşı etinasızlıq, istismar və zorakılıq, onların sui-istifadədən qorunması məsələləri ilə bağlı məruzələri, tanınmış ekspertlərin video müraciətləri, milli uşaq müdafiə sistemlərinin inteqrasiyası, həyata keçirilən islahatlar, müsbət təcrübə və qarşıda duran çətinliklərin həlli üzrə təqdimatlar dinlənilib.

Dövlətlərin sosial müdafiə, təhsil, səhiyyə və ədliyyə siyasəti sahəsində dəstəklənən təcrübəsi və standartları, monitorinq və nəzarət sistemlərinin yaradılması üzrə proqramları, yanaşma və təşəbbüsləri, milli insan hüquqları təsisatlarının bu proseslərdə rolu əsas müzakirə mövzularından olub.

Regional konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsrafilov, Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov, UNİCEF-in Uşaq müdafiə proqramının təmsilçisi Ramiz Behbudovdan ibarət nümayəndə heyəti təmsil edib.

Konfransın ilk plenar iclası Azərbaycan nümayəndə heyətinin təmsilçiliyi ilə işə başlayıb, müxtəlif hökumət, beynəlxalq təşkilat, müstəqil ekspert və QHT təmsilçilərinin mövzu üzrə təqdimatları ilə davam etdirilib.

Konfrans çərçivəsində Azərbaycan Respublikasında dövlət uşaq siyasəti çərçivəsində həyata keçirilən uğurlu islahatlar, ölkəmizin müsbət təcrübəsi, bu sahədə milli qanunvericilik sistemində aparılan islahatlar, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası üzrə uşaqların maraqlarının əsas hədəflərdən olması yüksək dəyərləndirilib.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə uşaq müdafiə sisteminə dəstəyi və əldə olunmuş uğurlu nəticələr iştirakçılar tərəfindən təqdir olunub. Azərbaycan nümayəndə heyətinin təqdimatları maraqla dinlənilmiş və ölkəmizdə bu sahədə fəaliyyət müsbət dəyərləndirilib.

Plenar iclaslar çərçivəsində milli insan hüquqları təsisatlarının təşəbbüsləri və təcrübəsinə dair bəyanatlara da yer ayrılıb. R.Rumzadə müzakirələr zamanı milli uşaq müdafiəsi sisteminin gücləndirilməsində Azərbaycan Ombudsmanının verdiyi töhfələrini, BMT-nin müqavilə qurumları, o cümlədən Uşaq Hüquqları Komitəsi çərçivəsində Müvəkkilin fəal iştirakını və hesabatlılığını, Uşaq Hüquqları Konvensiyasının üçüncü Fakültativ Protokolunun ratifikasiyası istiqamətində təşəbbüslərini və milli qanunvericiliyin uşaqların effektiv maraqlarının təmini baxımından təkmilləşdirilməsinə dəstəyi diqqətə çatdırıb.

Regional konfrans milli uşaq müdafiə sistemlərinin gücləndirilməsinə dair maraqlı təqdimatlar, qarşılıqlı diskussiya və müzakirələrlə başa çatıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti UNİCEF-in Mərkəzi Avropa və Asiya üzrə Regional direktoru xanım Marie-Pierre Poirier, BMT-nin Uşaq Fondunun ekspertləri, müxtəlif dövlətlərdən olan milli insan hüquqları təsisatlarının nümayəndələri, o cümlədən Belarus hökumətinin rəsmiləri ilə görüşüb, müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə