Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Misir, Fransa və digər ölkələrdən olan alim və tədqiqatçılar iştirak ediblər.
"Müasir dünyada fəlsəfənin mənəvi funksiyası" mövzusunda keçirilən konfransda Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, YUNESKO tərəfindən təsis edilən Ümumdünya Fəlsəfə Günü dünyanın 80-dən çox ölkəsində, ənənəvi olaraq noyabrın üçüncü həftəsində qeyd olunur.
Konfransda YUNESKO-nun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Mustafa Şaban, Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami, əməkdar elm xadimi Zümrüd Quluzadə və başqaları çıxış ediblər. Məruzəçilər tərəfindən "Fəlsəfə və mənəviyyat", "Əxlaq və insan təbiəti", "Fransada gənclər və fəlsəfə", "Misirdə fəlsəfi tədqiqatlar", "Qloballaşma və əxlaqi dəyərlər" və digər mövzularda məruzələr dinlənilib. Məruzəçilər mənəviyyat, əxlaqın labirintləri, insan təbiəti, multikulturalizm və dialoq fəlsəfəsi konteksində tolerantlıq və digər mövzulara toxunublar. Konfransda eyni zamanda, alimlər müasir dünyada fəlsəfə elminin yeri və rolu, Azərbaycanda fəlsəfi fikirdə əldə edilən nailiyyətlərdən danışıblar. Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyasının qarşıda duran ən aktual vəzifələrdən biri olduğunu diqqətə çatdıran natiqlər alimlərimizin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkəmizdə işıqlandırılması məsələlərinə böyük önəm verildiyini vurğulayıblar.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB