Qaz olmayan kəndlərə qaz verilir

İlin sonuna qədər Bərdə rayonunun 10 kəndi ilk dəfə olaraq mavi yanacaqdan istifadə edəcək. SİA-nın Qarabağ üzrə bölgə müxbirinin xəbərinə görə, Bərdə rayonunun Sovet dövründə mavi yanacaq olmayan kəndlərində qaz çəkilişi aparılır. Hazırda rayonun 4 kəndində qaz çəkilişi davam edir. Bu ilin sonuna qədər isə rayonun daha 10 kəndinə mavi yanacaq veriləcək. Bununla da 1583 ailə mavi yanacaqla təmin ediləcək.

Hazırda Şirvanlı və Xanxanımlı kəndlərində qaz borularının çəkilişi sona çatdırılıb, sayğaclar quraşdırlır. Qurdlar, Cələbilər, Qasımbəyli, Balaqəcər və Böyük qəcər kəndlərində isə yaxın günlərdə qaz cəkilişi aparılacaq.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində rayon mərkəzi olmaqla bərabər 72 kənd mavi yanacaqla təmin edilib. Növbəti il daha 37 kəndə qaz çəkiləcək. Bununlada rayonun 109 kəndi mavi yanacaqla təmin edilmiş olacaq.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə