Tolerantlıq - Azərbaycan xalqının milli zənginliyi

Tolerantlıq - Azərbaycan xalqının milli zənginliyi

Milli Tolerantlıq Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq - Azərbaycan xalqının milli zənginliyi kimi" mövzusunda növbəti tədbir keçirib. Tədbir müxtəlif konfessiyalara mənsub icma nümayəndələrinin, o cümlədən tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və kulturologiya sahəsində ixtisaslaşmış tələbə və gənclərin iştirakı ilə keçirilib.

Mərkəzin icraçı direktoru Elmin Əliyev müxtəlif məkanları, tarixləri birləşdirən tolerantlıq prinsiplərinin, eyni zamanda, İslam dəyərlərini də özündə əks etdirdiyini bildirib. O, qloballaşan dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün dini və milli ekstremizmə qarşı maarifləndirmə işinin labüdlüyünü vurğulayıb, tarixi kökləri və nəzəri əsasları baxımından Azərbaycanın tolerantlıq modelinin bu gün bütün dünyaya nümunə ola biləcəyini, gənclərin bu bəşəri dəyəri qorumasının vacibliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan dövlətinin fərqli dinlərə və etnik qruplara qarşı bərabərhüquqlu mövqe nümayiş etdirdiyini, dini etiqad azadlığının mövcud qanunvericiliklə təmin edildiyini söyləyib.

Digər çıxışçılar da dinlərarası yaxınlaşma və radikalizmin fəsadları kontekstində ölkəmizdəki birgəyaşayış ənənəsinin əsas prinsipləri haqqında danışıblar.

Sonda Milli Tolerantlıq Mərkəzinin sifarişi əsasında çəkilən və bölgələrdə tarixi tolerantlıq ənənələrini əks etdirən "Fərqliliyimiz zənginliyimizdir" adlı qısametrajlı filmin təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə