Azərbaycanda hüzr mərasimlərində ehsan verilməsi qaydasına dövlətin nəzarət edəcəyi haqda xəbər vermişdik. Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hökumət bununla bağlı konkret standartlar müəyyənləşdirmişdi. Belə ki, bundan sonra hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
Bəs yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün ictimai müzakirələr, maarifləndirmə işləri öz nəticəsini nə dərəcə verə bilib?
Bununla əlaqədar olaraq Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu münasibət bildirib. Sədr diqqətə çatdırıb ki, yas mərasimlərində hələ də israfçılığa yol verilir: "Bu cür halları inzibati qaydada həll etmək mümkün deyil. Burada insanların özləri düzgün yolu tapmalıdır. Bu məsələni həll etmək üçün sadəcə israfçılığı yaradan müəssiəsələrlə bağı iş aparılmalıdır. Vətəndaşlar da israfçılıq etmək istəməzlər. Yalnız yas mərasimini və eyni zamanda toyları təşkil edənlər müəyyən gəlir əldə etmək üçün belə addımlar atırlar. Bəzən insanlar özlərini digərlərindən daha üstün tutaraq, israfıçılıq edirlər. Düşünürəm ki, bu insanların əxlaqi qüsuru ilə bağlıdır. Buna dövlət müdaxilə edə bilməz".
Nardaran pirinin rəisi Hacı Ədalət isə israfçılığı daha çox imkanlı şəxlərin etdiyini söyləyib: "Çox təəssüf ki, hələ də hüzr məclislərində israfçılığa yol verilir. Təbii ki, bunun böyük əksəriyyətini imkanlı şəxlər edirlər. Çünki kasıb insanlar çox nadir hallarda dəbdəbəli süfrə açırlar. Sanki yaxın adamının öldüyünə sevinir. Bu da dinimizdə günah hesab olunur. Düşünürəm ki, bununla əlaqəli mütəmadi olaraq televiziyalarda dini verilişlər yayımlanmalıdır. Xüsusilə də Məhərrəm ayındayıq. Cəmiyyəti bilgiləndirməliyik ki, israfçılıq həm onların ciblərinə zərər verir, həm də günah etmələrinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB