"Azərbaycan - tolerantlığa nümunə ölkə" adlı dəyirmi masa keçirildi
Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan - tolerantlığa nümunə ölkə" adlı dəyirmi masa keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, eləcə də Ombudsman Aparatının, ölkədəki dini icmaların nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Mübariz Qurbanlı bildirib ki, 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı komitə tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir: "Bugünkü tədbirin əsas məqsədi Azərbaycanın tolerantlıq sahəsində qazandığı uğurların müzakirə edilməsi və ictimaiyyətə çatdırılmasıdır. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq mühitində yaşayan bir ölkədir. Avropalı üçün tolerantlıq hüquqi borcdur, azərbaycanlı üçün isə mənəvi ehtiyacdır. Tolerant cəmiyyət o cəmiyyətdir ki, dini azlığın mövcudluğuna, onun öz adət-ənənəsinə uyğun yaşamasına şərait yaradılır. Azərbaycanı fərqləndirən xüsusiyyətlərdən biri odur ki, azlıqların nümayəndələrinin öz adətlərinə uyğun yaşamasına şərait yaradılıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti tərəfindən dini icmalara vəsait ayrılıb. Dinlər və təriqətlər arasında fərq qoyulmur. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edir. Heydər Əliyev Fondu Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda tolerantlığı təbliğ edir".
M.Qurbanlı bildirib ki, komitə beynəlxalq miqyasda tolerantlıqla bağlı qəbul olunmuş sənədlər toplusu nəşr etdirib. Topluda BMT, Avropa Şurası, ATƏT səviyyəsində tolerantlıqla bağlı qəbul edilmiş müxtəlif sənədlər əksini tapıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova tədbirin önəmli bir xarakter daşıdığını bildirib. O, qeyd edib ki, Azərbaycan dini, etnik, mədəni, siyasi və elmi sahədə bir nümunədir. Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu bir məkan olub. Ölkəmizədə bütün sahələrdə dini-etnik qruplara bərabərlik verilib. Tolerantlığın bir keyfiyyətinin də həyat tərzimiz olduğunu vurğulayan B.Muradova qeyd edib ki, bu gün Azərbaycan özünü dünya məkanına belə bir ölkə kimi təqdim edir: "Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Azərbaycan yalnız sözlə deyil, eyni zamanda, praktikada da tolerant ölkə olduğunu dəfələrlə nümayiş etdirmişdir. Bu gün Azərbaycan tolerant, multikultiralizmə nümunə ölkə kimi hamı tərəfindən birmənalı şəkildə qarşılanır".
B.Muradova çıxışında onu da qeyd edib ki, tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Azərbaycanın qanunlarında, Konstitusiyasında da bu məsələyə yer ayrılıb. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Azərbaycanı tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirərək, bunu dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsi kimi qiymətləndirib.
O bildirib ki, ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir: "Mənəvi-əxlaqi dəyərləri ilə hər zaman öyünən Azərbaycan bütün bu keyfiyyətləri ilə yanaşı, dövlətçiliyimizi qoruyub saxlaya bilmişdir".
F.Heydərov diqqətə çatdırıb ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərə qoşulub: "Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. İndiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun".
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın tolerantlıq sahəsindəki uğurlarını əks etdirən təqdimatla çıxış edərək ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Anna Bayramova və başqaları çıxış edərək bildiriblər ki, tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir. Qeyd edilib ki, Azərbaycan cəmiyyəti tolerantlıq prinsipləri üzərində qurulub. Ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu Öndərin bu sahədə siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB