Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə ibtidai və orta sinif şagirdləri üçün açıq məşğələlər keçirilib həmin əlamətdar günlə bağlı ətraflı məlumat verilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qurumun nümayəndəsi Gülnar Rəhimova çıxışında bildirib ki, 16 noyabr 1995-ci il tarixində YUNESKO-ya üzv dövlətlər Tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul ediblər. BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən, quruma üzv ölkələrə hər il bu tarixi Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla əlaqədar təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Tolerantlıq prinsipləri haqqında Bəyannamədə deyilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına görə bərabərdirlər. Bu sənədə görə, dözümlülük dünyada mədəniyyətlərin, özünüifadənin və insan şəxsiyyətinin təzahürünün müxtəlifliyinin başa düşülməsi, qəbul edilməsi və buna hörmət göstərilməsidir. Tolerantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir.
Azərbaycanın indi bütün dünyada həm də yüksək tolerantlıq örnəyi kimi tanındığı diqqətə çatdırılıb, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu məkana çevirdiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Həmin siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi nəzərə çatdırılıb.
Aparatın təmsilçisi Ombudsman Elmira Süleymanovanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsinin də mühüm yer tutduğunu vurğulayıb, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Müvəkkilin bu konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya edilməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılıb.
Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva yüksək tolerantlıq nümunəsi olan ölkəmizdə bütün milli azlıqların, etnik qrupların təmsilçisi olan uşaqlar üçün də heç bir ayrı-seçkiliyə yol verilmədən ahəngdar inkişaf imkanlarının yaradıldığını bildirilib.
Qeyd edilib ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır, çoxmillətli ölkəmizdə, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışı təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB