Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək "Uşaq hüquqları" aylığı keçirilir, paytaxt Bakıda və respublikanın ayrı-ayrı bölgələrində hüquqi maarifləndirmə tədbirləri təşkil olunur. Aylıq çərçivəsində müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə yanaşı, Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzləri də əhali arasında dəyirmi masalar, seminarlar, müsabiqələr keçirirlər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Quba Regional Mərkəzinin əməkdaşları Quba şəhər 2 və 3 saylı tam orta, Siyəzən şəhər 1 və 6 saylı orta məktəblərində şagirdlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri təşkil ediblər.
Tədbirlərdə Ombudsmanın nümayəndələri insan hüquq və azadlıqları barədə bilgilər aşılanmasının uşaqların gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. İştirakçılara BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyası, habelə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Ombudsmanın uşaq hüquqlarının müdafiəsi və təmini istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, təsisatda uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən 916 saylı qaynar xətt barədə də iştirakçılara məlumat verilib.
Həmçinin Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirildiyi, şagirdlərin həmyaşıddan-həmyaşıda prinsipi ilə öz hüquqları barədə biliklərə yiyələndiyi diqqətə çatdırılıb.
Yeri gəlmişkən, Avropa Komissiyasının dəstəyi ilə BMT-nin Uşaq Fondu (YUNİSEF) və Azərbaycan Ombudsmanı tərəfindən imzalanmış birgə iş planına əsasən, şimal bölgəsində də "Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi: beynəlxalq və milli standartlar" mövzusunda təlimlərin keçirildiyi diqqətə çatdırılıb.
Maarifləndirmə tədbirləri interaktiv müzakirələrlə davam etdirilib, fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB