Lənkəranda Beynəlxalq Tolerantliq Günü münasibətilə dəyirmi masa keçirildi
Noyabrın 13-də Lənkəran şəhərindəki Gənclər Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq günü münasibətilə "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə rayonun təhsil işçiləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Lənkəran ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev iştirakçılara İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırıb.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin məruzəsi dinlənilib. Natiq bildirib ki, UNESKO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar ölkəmizin dörd bölgəsində "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" mövzusunda dəyirmi masalar keçirilir. Respublikamızın regionlarında belə dəyirmi masaların keçirilməsində məqsəd ölkəmizin çoxmədəniyyətli və tolerant bir dövlət olmasını, müxtəlif bölgələrdə etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirmək və müzakirə etməkdir.
Natiq daha sonra ölkəmizdə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinə hələ sovetlər dönəmində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.
Dəyirmi masanın iştirakçılarından Lənkəran ŞİH Başçısı Aparatının şöbə müdiri Əlimərdan Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə, Lənkəran Dövlət Universiteti Tarix kafedrasının müdiri Rakif İbadov, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qağayı Məmmədov və başqaları çıxış edərək təklif və rəylərini söyləyiblər.
Bildirilibdi ki, hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir, millətlərarası ünsiyyət yüksək səviyyədədir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlar möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü bu siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər. Bunu Lənkəranın timsalında da aydın görürük.
Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, Azərbaycanda tolerantlığın hökm sürməsinə, bu günkü xoş və firavan həyatımıza görə bir daha Ulu Öndər Heydər Əliyevə borcluyuq. Ölkəmizdə dini etiqada hörmət hökm sürür, dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturizmin hökm sürdüyü ölkəyə çevrilib.
Dəyirmi masada qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB