Helikopterdə ölənlər Ermənistan Ordusunun zabitləridir

Qoşunların təmas xəttindəkilər "DQR" yox, Ermənistan silahlı qüvvələridir
Helikopterdə ölənlər Ermənistan Ordusunun zabitləridir

Erməni tərəfi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təmas xəttini keçən və mövqelərimizə atəş açmaq istəyən helikopterin pilotları haqqında maraqlı məlumat yayıb. SİA-nın news.am saytına istinadən verdiyi məlumata görə, vurulmuş helikopterin pilotlarının hamısı Ermənistan vətəndaşlarıdır. Uçuş heyətinin komandiri 38 yaşlı mayor Sergey Saakyan İrəvanda yaşayır, 1993-cü ildən helikopter eskadriliyasında xidmət edib. Digər hərbçi 25 yaşlı baş leytenant Sarkis Nazaryan da İrəvanda yaşayıb, 2006-cı ildən qulluq edib. Üçüncü pilot 24 yaşlı Azat Saakyanın Ermənistanın Çarençavan şəhərindən olub, 2009-cu ildən helikopter eskadriliyasında xidmət edib.

Məlum olur ki, Ermənistan tərəfinin dediyi kimi, helikopterdəkilər heç də "Qarabağ ordusu"nun hərbçiləri olmayıb. Onların hamısı Ermənistanda doğulub və ölənə qədər də Ermənistanda yaşayıblar. Bununla da dünya ictimaiyyətinə bir daha bəyan etmək olar ki, əslində Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə qondarma "DQR" ordusu yox, Ermənistan Silahlı Qüvvələri nəzarət edir. Amma rəsmi İrəvan dünya ictimaiyyətini inandırmağa çalışır ki, qoşunların təmas xəttində xidmət edən əsgər və zabitlər qondarma "DQR"in silahlı qüvvələridir. Beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna daha uca səslə deməyin vaxtı çatıb ki, bu da növbəti sübut, məhv edilən düşmən helikopterində ölənlərin hamısı Ermənistan Ordusunun zabitləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə