Bu gün Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyətinin "13 noyabr Ümumdünya Gözdən Əlillər Günü"nə həsr olunan "Sərhədsiz incəsənət" layihəsinin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, "Sərhəsiz incəsənət" adlı layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi proqramın hazırlanması, idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərməkdir.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Gözdən Əlillər Cəmiyyətinin sədri Semiyar Abdullayev bildirib ki, bu gün dünyanın bir çox ölkələrində cəmiyyətin diqqəti göz işığını itirən və zəifgörən insanların problemlərinin həllinə yönəlib. Sədrin sözlərinə görə, son illər Azərbaycanda gözdən əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, təhsil və məşğulluq problemlemlərinin həlli, onların cəmiyyətə inteqrasiya olunmaları sahəsində bir sıra islahatlar keçirilir. Diqqətə çatdırıb ki, əlillərin pensiyası 67 manatdan 124 manata qaldırılıb. Keçirilən parolimpiya oyunlarında gözdən əlil idmançılarımız yüksək nailiyyətlər əldə edib.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək bildirib ki, yaşadığımız cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər insan əlildirsə, deməli, o cəmiyyətdən təcrid olunmalıdır. Bu gün gözdən əlil insanlar məşğulluq problemləri ilə üzləşir. Onlar bəzi qurumlar tərəfindən inamsızlıqla qarşılanır. Bldirib ki, belə insanlarla təmasda olanda görürsən ki, onlar bacarıqlı, mübariz, yaradıcı və intellektualdırlar. G.Nərimanın sözlərinə görə, belə tədbirlər ildə bir dəfə keçirilir və unudulur. Lakin Kino Xidməti İdarəsi bu ildən Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edəcək. Bu Bakı Şəhərİcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun maddi və mənəvi dəstəyi ilə baş tutacaq.
Daha sonra "Sərhədsiz incəsənət" layihəsinin ideya müəllifi və rəhbəri, Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova söyləyib ki, Az.GƏC rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin maliyyə dəstəyi ilə "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi" adlı layihəsini həyata keçirir. Diqqətə çatdırıb ki, layihə çərçivəsində Respublikada ilk dəfə olaraq görmə imkanları məhdud şəxslər üçün filmlərin tiflotərcümə edilməsinə başlanılıb. Belə ki, ilkin olaraq "Qaraca qız" və "Pıs-pısa xanım" cizgi filmlərinin tiflo və surdo tərcümələri hazırlanıb.
Qeyd edək ki, sonda "13 noyabr-Ümumdünya Gözdən Əlillər Günü" ilə bağlı tiflo və surdo şərhlə hazırlanan filmlərin təqdimatı və gözdən əlil uşaqların iştirakı ilə tamaşa göstərilib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB