Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı "Horizon-2020" çərçivəsində Şərq Əməkdaşlığına həsr edilmiş "İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya" məlumat günü keçirilib.
SİA-nın verdiyi xəbərə görə, Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Regional İnnovasiya Texnologiyaları Akademiyası tərəfindən maliyyələşdirilən iki layihənin dəstəyi və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.
TədbirDə "Horizon-2020" proqramı çərçivəsində Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin rəhbəri Tofiq Babayev jurnalistlərə açıqlamasında bildirib ki, "Horizon-2020" proqramı 2014-2020-ci illəri əhatə edəcək və Azərbaycan alimləri və tədqiqatçıları üçün geniş imkanlar açacaq: "11 ölkədən gələn nümayəndələrin iştirak etdiyi bu görüş elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına yardım edəcək. Həmçinin, Azərbaycan alimləri üçün şans yaranacaq ki, "Horizon-2020" proqramının 80 milyard avroluq büdcəsindən bəhrələnərək qrantlar qazanıb öz elmi nəticələrini tədqiq etsinlər".
Tədbirdə qeyd olunub ki, noyabrın 14-də "EAST-HORİZON" layihəsi çərçivəsində təlim keçirilməsi nəzərə tutulur. Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaq. Təlim çərçivəsində layihə ideyası olan tədqiqatçılara layihələrin AB ekspertləri ilə müzakirə edilməsi, ilkin qiymətləndirilməsi və "Horizon-2020" nin tələblərinə uyğun olmasına dair məsləhətlər veriləcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB