Mingəçevir şəhərinin əsasının qoyulmasının 66-cı ildönümü münasibətilə "Şəhər günü" adlı bayram mərasimi təşkil olunub. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Mingəçevir Dövlət Dram Teatrında keçirilən tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, şəhərin ilk qurucuları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən "Nur şəhəri" adlı filmə tamaşa ediblər. Çıxış edənlər Mingəçevirin 66 il ərzində böyük inkişaf yolu keçdiyini deyiblər. Bildirilib ki, ölkənin enerji təminatının böyük bir hissəsini Mingəçevir şəhərindəki elektrik stansiyaları ödəyir. Ölkənin iqtisadiyyatının inkişafında Mingəçevirin də rolunun geniş olduğu diqqətə çatdırılıb. Çıxışlarda təhsil sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışılıb, şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işləri barədə qonaqlara məlumat verilib.
Daha sonra iştirakçılar Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlarla tanış olublar. Məlumat verilib ki, gənc sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulub. Mingəçevirin ərazisi isə yaşayış məntəqəsi kimi çox-çox qədim tarixə malikdir. Hətta 5 min il bundan əvvəl də Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olub. Arxeoloji qazıntılar zamanı bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması bu qədim yaşayış məskəninin ticarət, sənətkarlıq və mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Tədbirdə çıxış edənlər bayram münasibətilə sakinləri təbrik edərək bildiriblər ki, 66 il öncə bünövrəsi qoyulan bu şəhər qısa zaman kəsiyində ölkənin sənaye sahəsinin inkişafına öz töhfəsini verib. Keçmiş sovet ölkələrindən xeyli sayda mütəxəssis bu məkana gələrək burada yaşayıb. Bu şəhər indi də özünəməxsusluğu ilə fərqlənir.
Daha sonra tədbir iştirakçılarına Mingəçevir Su Elektrik Stansiyasının tarixi barədə məlumat verilib. Şəhərin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib. Sonra isə "Şəhər günü" ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının təqdimatında səhnəciklər nümayiş olunub. Həmçinin idmançılar öz nümunəvi çıxışlarını nümayiş etdirib, musiqiçilərin rəngarəng ifaları mərasimə xüsusi gözəllik verib. Folklor qruplarının, musiqi kollektivlərinin çıxışları hamının ürəyincə olub, məktəblilərin əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB