Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları

Cənubi Qafqazda sabitliyə ən mühüm maneə olan Dağlıq Qarabağ münaqişəsinin çözümünə nail olmaq, Azərbaycan və Ermənistandan bu yaxınlarda gələn nikbin notlara baxmayaraq hələ ki çətindir. Lakin hal-hazırda belə bir yanaşma ətrafında kompromisə gəlmək olar ki, mübahisəli məsələləri həll edərək əsas məsələ olan Dağlıq Qarabağın son statusu və digər tədbirlər görüldükdən sonra gələcəkdə müəyyənləşdirilməsi üçün açıq saxlanılsın.

Təklif edilən bu çözüm paketinin başlıca elementlərinə Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ silahlı qüvvələrinin qurumun ətrafındakı işğal edilmiş Azərbaycan rayonlarından çıxarılması qurumu yenidən özünə birləşdirmək məqsədi ilə Azərbaycanın gücdən istifadədən imtina etməsi; beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi; məcburi köçkünlərin qayıtması və ticarət əlaqələri və kommunikasiya xətlərinin yenidən açılması daxildir. Son olaraq Dağlıq Qarabağın statusu Qarabağ erməniləri və azərbaycanlılarının müstəsna iştirakı ilə keçirilən beynəlxalq səviyyədə tanınan referendumla müəyyən edilməlidir. Lakin bu referendum sözügedən tədbirlərin görülməsindən sonra baş tuta bilər. Bu vaxta kimi Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalaraq praktik cəhətdən özünü idarə edir. Beynəlxalq səviyyədə qəbul edilən muvəqqəti statusa malik olur. {3, səh 1}

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salхnmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının cari ilin 26 iyun

tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olmuşdur. Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin Həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

Erministanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməlidir.

2010-cu ilin 19-20 noyabr tarixində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Az!rbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həll edilmişdir. {7, 1}

İlk dəfə həll variantının geniş layihəsini Amerika plitoloqu Pol Qobl özünün "Dağlıq Qarabağ böhranının öhdəsindən necə gəlməli" məqaləsində verib. Qafqazda ölkələrarası siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsini üç amil vacib edir ki, P. Qoblun fikrincə, bunlar aşağıdakılardır:

* neft kəməri infrastrukturu " bu sahədə Qafqaz respublikaları arasında qarşılıqlı anlaşma yaransa, onlar eyni gəlir götürər, qarşılıqlı iddiaları aradan qaldırar, bununla da, Qafqazın Rusiyadan asılılığı aradan qaldırıla bilər;

* həmsərhəd rayonlarında etnik münaqişələr "birinci amilin həyata keçirilməsi konfliktlərin tənzimlənməsində qarşılıqlı güzəştləri (Azərbaycanla Gürcüstan arasında olduğu kimi) şərtləndirər, lakin region Rusiyanın təsiri altında olduğundan münaqişələrin uzanması istisna deyildir. Buna görə də bəzi ekspertlər bu fikirdədir ki, Rusiya ilə əməkdaşlıq etmədən Avropa qitəsinin sabitliyini təmin etmək mümkün deyildir {7, 251}. Bununla yanaşı, P. Qobl hesab edir ki, Qafqazda inteqrasiya proseslərinə rəvac verəcək həmin amillərin ağrısız reallaşması üçün ABŞ özünün Qafqaz və Orta Şərq siyasətində aşağıdakı dəyişiklikləri etməlidir:

* Qafqaz respublikalarına münasibətdə ayrı-seçkiliyi aradan qaldırmaq;

* ABŞ-ın "İran siyasəti" dəyişdirilməlidir. Məlum olduğu kimi, ənənəvi siyasət öz səmərəsini vermədi, əksinə, bütün Cənubi Qafqazı və Mərkəzi Asiyanı Qərbdən ayıraraq regionda Rusiyaya fəaliyyət azadlığı açdı;

* Moskvanın nüfuz təsirini aradan qaldırmaq üçün buraya hamilik etməyə hazır olmaq.

Beləliklə, "Qobl planı", bir tərəfdən, Qafqazda strateji paritetin yaradılmasına yönəlmişdisə, digər tərəf- dəndə, region ölkələrinin birliyini, vahidliyini Rusiya-Zaqafqaziya tarazlığının yaradılmasında mühüm vasitə hesab edirdi. 2001-ci il sentyabrın 11-də ABŞ-da terror aktlarından sonra beynəlxalq aləmdə baş vermiş başlıca dəyişikliklərdən biri də Qərbin xarici siyasət strategiyasında Cənubi Qafqaza, xüsusilə Azərbaycana münasibətinin ciddi şəkildə dəyişməsidir. Bu geosiyasi kontekstdə Rusiyanın də fəallaşması regionda yeni strateji iştirakı proqnozlaşdırmağa imkan verir {1, 6}.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir. {2, 14}

13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlətbaşçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü ildən etibarən "Praqa prosesi" çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başladı. 25 yanvar 2005-ci il tarixində Avropa Şurasının Parlament Assambleyası "ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi" adlı 1416 saylı qətnamə qəbul etdi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etdi. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırmışdır. {4, 2}

2010-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danişiqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır. {2, 16} Əvvəlcə beş rayonun qaytarılması, Laçın koridorunun saxlanılması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulmuş, bunun nəticəsində bütün qaçqınların öz yerlərinə qayıtması və referendum keçirilirməsi planlaşdırılmışdı. Amma bu sahədə də hələ elə bir irəliləyiş yoxdur, hər şey bu dəfə də Rusiyadan asılıdır. {3, 51}Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış etmişdir. {4, 4}

Problemin həqiqi mənada həll olunması üçün Azərbaycan torpaqları üzərindəki Ermənistan işğalının qeyd-şərtsiz və dərhal aradan qaldırılması vacibdir. Çünki işğalın davam etməsi, problemi içindən çıxılmaz bir hala gətirməkdədir. İşğalın aradan qaldırılması üçün ya beynəlxalq güclər vasitəsilə bir sülh planın hazırlanması və dərhal bu planın tətbiq olunmasının təmin edilməsi, ya da Azərbaycan zəruri müdafiə hüququndan istifadə edərək Ermənistan ordusunu öz sərhədləri xaricinə çıxarması lazımdır. Nəticə kimi, problemin həlli üçün bu addımların atılması lazımdır:

1. Azərbaycanın ərazi bütövlüyünün dərhal təmin edilməsi;

2. Buna paralel olaraq Azərbaycanda yerli özünüidarəetmə orqanları ilə bağlı

islahatların gücləndirilməsi;

3. Xüsusilə, Azərbaycan içərisindəki erməni azlığın hüquqlarının, zəmanət altına alınması, ictimai, iqtisadi, mədəni və digər sahələrdə inkişaflarının təmin edilməsi və bu prosesin beynəlxalq qurumların nəzarətinə açıq olması;

4. Bütün bunlar həyata keçirilərkən, Cənubi Qafqaz bölgəsinin etnik tərkibindən

qaynaqlanan həssaslığın diqqətə alınması. {6, 119}

Elçin Xəlil oğlu Məmmədzadə, BDU-nun I kurs magistrantı

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası XİN Arxivi. Təhlükəsizlik problemləri idarəsi. Arayış, 2002, 7 s.

2. Бердяев H. Судьба России. Опыты технологии войны и национальности. М.: Мысль, 1990,260 с.

3. Dağlıq Qarabağ sülh planı: Avropa üzrə məruzə No 167 – 11 oktyabr 2005

4. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. 187 s.

5. Qarabağ dünən, bu gün və sabah". Bakı 2010. 211 s

6. Qarabağ problemi. Bakı 2009. 120 s.

7. Münaqişənin nizamlanma prosesi. 5 s.

8. 2010-cu il üzrə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinə dair qəsa arayış". 2 s

Bütün xəbərlər Facebook səhifəmizdə