Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Minəxanım Nuriyevanın "Sarı Gəlin" Azərbaycan xalq türküləri kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" Şirkətlər Qrupunun rəhbəri, "Kaspi" qəzetinin təsisiçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, "Səs" Media qrupun rəhbəri, Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, elm xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının mədəniyyətinin, tarixinin dərinliyini göstərən "Sarı Gəlin" kitabının əhəmiyyətini yüksək qiymətləndirərək bu səpkidə olan kitabların nəşr olunmasının Azərbaycan həqiqətlərinin düzgün çatdırılmasındakı danılmaz rolundan danışıb: "10-dan çox kitabın müəllifi olan Minəxanım Nuriyevanın kitablarında həmişə türkçülük ön planda olub. Bu kitabda da Azərbaycan türklərinin mədəniyyətinin dərin köklərə söykəndiyini sübut edən türkülər toplanıb. Bəzi mahnılarımız var ki, onlar dəyişdirilmiş formada cəmiyyətə çatdırılır və həmin mahnılar öz tarixiliyini itirir. "Sarı Gəlin" kitabında bu mahnıların hamısı araşdırılaraq düzgün, Azərbaycan dilinin sadəliyi qorunaraq təqdim olunur".
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib. Səpələnmiş xalq yaradıcılıq nümunələrinin bir topluda cəmləşdirilməsinin əhəmiyyətinə toxunan S.Vəliyeva "Sarı gəlin"in konservatoriyada və digər musiqi məktəblərində tədrisinə ehtiyacın duyulduğunu önə çəkib. O, çıxışında həmçinin kitabdakı bir sıra məqamlar üzərində dayanaraq konkret nümunələrin xalq yaradıcılığı baxımından şərhini verib: "Minəxanım Nuriyevanın yaradıcılığı ilə yaxından tanışam və kitablarını sevə-sevə oxuyuram. Bu kitabı da digərləri kimi böyük dəyərə sahibdir. Burada türk tarixi coğrafiyasının böyüklüyünü göstərən şeirlərimizin, xalq mahnılarımızın bəndləri, sözləri pozulmayaraq əks olunub. Kitab tədris işlərində geniş istifadə olunaraq hələ uzun illər yaşayacaq".
"Səs" Media qrupun rəhbəri, Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında milli-mənəvi dəyərlərimizin daim yaşaması üçün hər bir ziyalının öz fəaliyyətində bu dəyərlərə sahib çıxmasının, qorumasının vətən borcu olduğunu vurğulayıb: "Keçmişə nəzər salmaq, həqiqətləri araşdıraraq üzə çıxarmaq və onları gələcək nəsillərə ötürmək zəhmət tələb edən işdir. Son dövrlər milli mədəni irsimiz yaddan çıxır, ənənələr pozulur. Bunun qarşısını birlikdə almaq mümkündür. Bu ənənələri qorumaq hər biz azərbaycanlının borcudur. "Sarı Gəlin" kitabında toplanan türkülər zəngin mədəni fondumuza daxil olan dəyərlərin bir qismidir. Bəzən xalq mahnılarımızı, bayatılarımızı təhrif edirlər. Bu kitabda onların yenidən düzəldilərək təqdim edilməsi həm geniş oxucu auditoriyasına, həm də müğənnilərimizə bir töhfədir".
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli isə Azərbaycan mədəniyyətinin düzgün təqdim olunması üçün bu cür kitabların tanıdılması və yayılmasında medianın rolundan danışıb: "Bu kitab türk dünyasını birləşdirən gözəl nəğmələrin toplumudur. Belə kitablar cəmiyyətə tanıdılmalı və sevdirilməlidir. Bu işdə jurnalistikanın təbliğat funksiyası fəaliyyətdə olmalıdır".
Respublikanın əməkdar jurnalisti Flora Xəlilzadə milli sənət nümunələrimizin böyük bir qisminin toplandığı nəşrin əsasən telekanallarda yayılmasının vacibliyindən söz açıb, milli musiqilərimizi ifa edən şəxslərin nəşrə xüsusilə diqqət göstərməsinin zəruriliyini dolğun faktlarla əsaslandırıb.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbərlik etdiyi təhsil ocağının dəstəyi ilə Azərbaycanın milli mənəvi irsi ilə bağlı 20-dək kitabın nəşr edildiyini diqqətə çatdırıb. Belə kitablardan birinin də "Sarı gəlin" olduğunu vurğulayan Ə.Saniç toplunun müəllifi M.Təkləliyə yeni-yeni uğurlar arzulayıb.
Filologiya elmləri namizədi Qərənfil Dünyaminqızı çıxışında geniş elmi axtarışlar tələb edən nəşrin ərsəyə gətirilməsinin məziyyətlərindən söz açaraq "Sarı gəlin" kitabını tarixi keçmişimizi xalq mahnılarımızda yaşadan yaradıcılıq nümunəsi kimi dəyərləndirib.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təqdimatı keçirilən nəşrdə elmin və bədii yaradıcılığın vəhdətinin olduğunu vurğulayaraq bildirib ki, kitabda türkçülüyün etnik mahiyyətinin mədəniyyət nümunəsi olaraq ortaya qoyulması vacib məqamdır. O, nəşrin məhz "Sarı gəlin" adlandırılmasının da önəmli mesaj olduğunu qeyd edib.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, filologiya elmləri namizədi Akif Rüstəmov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxışlarında milli musiqilərimizin olduğu kimi, təhrif edilmədən xalqa çatdırılmasının zəririliyindən bəhs ediblər. Onlar mövcud sahədəki neqativ halların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığı "Sarı gəlin" kitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.
Təqdimat mərasimində "Sarı Gəlin" kitabının müəllifi Minəxanım Təkləli Nuriyevaya Azərbaycan Mətbuat Şurası adından diplom təqdim olunub.

.jpg)


.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB